Rusiyanın Azərbaycan Cümhuriyyətini işğalından sonra həyatını mühacirətdə davam etdirən azərbaycanlı ictimai-siyasi xadimlərdən biri də Adil xan Ziyadxandı. Bir müddət İranda yaşayan Adil xan daha sonra bir çox mühacirlər kimi Türkiyəyə köçüb, ömrünü Ana yurd dedikləri bu ölkədə başa vurub.
Adil xanın geniş ədəbi-siyasi irsi olmasa da, onun Çar Rusiyası dövründə yazdığı “Avropada 3 aylıq bir səyahətim”, Cümhuriyyət dövründə qələmə aldığı “Azərbaycan: tarixi, ədəbi və siyasi vəziyyəti” (Bakı, 1919) və mühacirətdə ərsəyə gətirdiyi “Qələmin uçuşu” (Tehran, 1310 h.ş.) kitabları olduqca mühümdür. Xüsusilə gənc dövlətin tanıdılması məqsədilə yazdığı kitabı Tehranda səfir olduğu müddətdə oradakı azərbaycanlıların da tanış olması məqsədilə geniş şəkildə yayılmasına nail olub.
Nağı bəy Şeyxzamanlının Adil xanın vəfatı münasibətilə yazdığı nekroloqda onun 1943-cü ildə türk dilində “Cavad xan” adlı əsərinin nəşr olunduğunu qeyd etsə də, bu kitab hələ ki aşkar edilməyib.
Adil xan 1877-ci ildə Gəncədə doğulub, Cavad xanın nəticəsidir. Ailədə üç qardaş olublar. Özünün yazdığına görə, böyük qardaşı İsmayıl xanla o, Moskva Universitetində ali hüquq təhsili alıb, digər qardaş Şahverdi xan ali hərbi məktəb bitirib, hərbi süvari qoşun hissəsində xidmətə başlayıb.
Adil xan 1902-ci ildə məzun olub. Rusca, farsca, fransızcaya vaqif olub. Bir müddət Bakıda vəkilliklə məşğul olub, sonra Gəncəyə gedib. “Kaspi”, “İrşad”, Cümhuriyyət illərində isə “Azərbaycan” qəzetlərində məqalələri dərc olunub.
Adil xan 1906-cı ildə Tiflisdə, Qafqaz canişininin yanında keçirilən azərbaycanlılarla ermənilərin nümayəndələrindən yaradılmış “barışdırıcı komissiya”nın toplantısında iştirak edib. 24 iyun 1907-ci ildə Avropa səyahətinə çıxıb, İstanbul, Budapeşt, Vyana, Münxen, Sürix, Cenevrə, Paris, London, Berlin, Brüssel kimi şəhərləri gəzib. 1910-cu ildə Gəncə bələdiyyə rəisi seçilib. “Difai” firqəsinin təşkilat komitəsinin üzvlərindən biri olan Adil xan 1917-ci ilin fevral inqilabından sonra Gəncədə yaradılmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin də yeddi üzvündən biri idi.
1918-ci ildən Azərbaycan Cümhuriyyəti Xarici İşlər nazirinin müavini işləyib. 1918-ci ilin oktyabr ayının əvvəllərində yeni Xarici İşlər naziri olmuş Ə.Topçubaşov Bakıda olmadığı üçün A.Ziyadxan həmin ilin dekabr ayının sonlarında yeni hökumət qurulana qədər xarici işlər nazirini əvəz edib.
Adil xan 1919-cu ilin noyabrında Qacar dövlətinə səfir təyin edilib. 15 yanvar 1920-ci ildə Tehrana gəlib. Azərbaycan Cümhuriyyətinin işğalından sonra İranda qalıb. 22 iyun 1921-ci il tarixindən rəsmiyyətini itirib. 1927-ci ildə Hüseynqulu xan Xoyskinin dəvəti ilə İstanbula gedən Adil xan sonra geri qayıdıb, 1928-1929-cu illərdə Tehranda Sosial Müdafiə Nazirliyində, 1929-1930-cu illərdə Təbrizdə Azərbaycan Dəmiryolu və Gəmiçilik İdarəsində işləyib. 1933-cü ildə həmişəlik İstanbula köçüb. İstanbul Universitetində 12 il müəllimlik edib.
Adil xan 14 dekabr 1954-cü ildə İstanbulda vəfat edib. Ziyadxan ailəsinin üzvlərinin məzarları Seyid Əhməd Dərəsində Kitabçı Qasım bəy ailə məzarlığındadır.
***
Fuad Köprülüyə məktub
Türkiyənin Marmara Universitetinin arxivində yer alan Mehmed Fuad Köprülü arxivində Adil xan Ziyadxanın göndərdiyi məktub yer alıb. Türkiyənin tanınmış tarixçisi və siyasətçisi Fuad Köprülünün fəaliyyətini təqdir edən məktubun mətni belədir:
Bay Pröfesör Fuat Köprülü
Kars Saylavı
Sultan Ahmet
Ak Bıyık
İstanbul
Exp: Adil
Tophane. Defterdar yokuşu
“Roma Apartımanı” N 2
İstanbul
İstanbul 4 Mart 1939
Muhterem Bay Pröfesör Fuat Köprülüye samimi tebriklerimi sunar, yüksek makamlarına arz ederim:
Yaşasın mukaddes Türk ilim semasını süsliyen ve yabancı milletlerin medeniyet ufuklarına kadar ışık saçan parlak yıldızınız!
Berdevam olsun ilim ve edebiyat seliginden kurulan o sarsılmaz Köprü, hangisinin üzerinden Türk gençliğinin kafilelerle peyderpey geçerek irfan saadetine kavuşurlar!
Adil Ziyad Han
Qeyd edək ki, Fuad Köprülü 1935-1943-cü illərdə Qarsın millət vəkili olub, 1950-1956-cı illərdə isə Türkiyənin xarici işlər naziri kimi yüksək vəzifədə fəaliyyət göstərib.
Adil xan İstanbul Universitetində çalışdığı üçün Köprülü ilə yaxın münasibət qura bilib. F.Köprülü ilə bağlı materialları tədqiq etdiyimiz zaman Adil xanın bu məktubu niyə göndərdiyini də aşkar etdik. Belə ki, 1939-cu il il martın 4-də İstanbul Universitetində Fuad Köprülünün tədrisat həyatının 25-ci ildönümü münasibətilə konfrans keçirilib. Tədbiri Əli Nihad Tarlan açıb, geniş nitq söyləyib.
Tədbirdə Ömər Lütfi, Ritter (ərəb və fars dili professoru), Ziyaəddin Fahri kimi müəllimlərlə yanaşı azərbaycanlı Sürəyya Odoğlu da çıxış edib. Sürəyya xanım çıxışında bunları bildirib: “Mən sizdən ayrı olduğu halda sizə candan bağlı olan azərbaycanlıyam. Böyük ustadı ilk dəfə olaraq orada gördüm. Oraya gəldiyi vaxt evlərdə, cəmiyyətlərdə, məktəblərdə hər kəs Köprülüdən bəhs edərək onu dinləmək üçün can atırdı. Hələ universitet tələbələrinin sevincini demirəm. Sinəmiz iftixarla dolurdu. Əcnəbi dostlarımıza onun yüksək məziyyətlərindən bəhs edirdik. Azəri türklüyü o günləri heç zaman unutmadı və unutmayacaqdır da”.
Daha sonra Fuad Köprülü səhnəyə gələrək çıxış edib.
Qeyd edək ki, Sürəyya xanım məşhur fizik Dilşad Talıbxanbəylinin bacısıdır, İstanbul Universitetində təhsil alıb, Bəkir Odoğlu adlı azərbaycanlı ilə ailə həyatı qurub.
Görünür, Adil xan da həmin universitetin əməkdaşı kimi Köprülünü məktubla təbrik etməyi vacib bilib.
Məhəmmədəmin Rəsulzadəyə məktub
Professor Yavuz Akpınarın Məhəmmədəmin Rəsulzadə ilə bağlı şəxsi arxivində Adil xan Ziyadxanın Rəsulzadəyə ünvanladığı bir məktub mövcuddur. Bu məktubu bizə tədqiqatçı Elmin Əliyev həmin arxivdən əldə edərək göndərib. Məktubdan aydın olur ki, M.Rəsulzadə Ankaraya gəldikdən sonra verdiyi konfrans materiallarının nəşr olunan kitablarından birini Adil xana göndərib. Ziyad xan da ona bu hədiyyəyə görə təşəkkür edib. Məktubun mətnini olduğu kimi dərc edirik:
Sayın Bay Mehmet Emin Resulzade
İlgün sokak. Ergün apt. D.5
Ankara/Yenişehir.
28.11.49
Gönd: Adil Ziyathan
Tophane. Defterdar yokuşu. “Gök-Deniz” apt. No 2. İstanbul.
İstanbul.
28 Kasım 1949
Muhterem ve değerli vatandaşım Bay Mehmet Emin!
Gönderdiğiniz “Azerbaycan Kültür Gelenekleri” nushasını aldım, nezaketinizden dolayı teşekkür ederim.
Sizin gibi kiymetli vatandaşlarla iftihar etmek, ömrümde daima benim için bir haz kaynağı teşkil etmektedir. Allahdan size yürekten saadetli uzun ömürler dilerim.
Derin ve samimi saygılarımla
Adil Ziyathan
Qeyd edək ki, Rəsulzadənin “Azərbaycan kültür gələnəkləri” mövzusundakı konfransı Azərbaycan Kültür Dərnəyinin təşəbbüsü ilə 28 may 1949-cu ildə Ankara Xalq Evinin binasında baş tutub. Kitabça da həmin il Ankarada Sipahi mətbəəsində çap olunub.