Oktyabr ayının 20-də Türkiyənin məşhur sənətçisi, caz musiqiçisi və orkestr şefi, “efsane davulcu” ləqəbi ilə tanınan Durul Gəncə müalicə aldığı Hacettepe tibb fakultəsi xəstəxanasında vəfat etdi.

Durul Gəncənin atası Məhəmməd Əli oğlu Gəncə (Mehmet Gence) 1909-cu ildə Gəncə şəhərində doğulub. Cümhuriyyətin işğalından və Gəncə üsyanının yatırılmasından bir il sonra - 1921-ci ildə yüzlərlə azərbaycanlı ailə kimi Məhəmməd bəy də yurdunu tərk edərək Qars şəhərinə yerləşib. Kazım Qarabəkir paşanın qurduğu hərbi məktəbə daxil olan Məhəmməd Gəncə Ərzincan hərbi məktəbini, Kuleli hərbi liseyini bitirib, 1931-ci ildə zabit kimi xidmətə başlayıb.

Məhəmməd bəy hərbi məktəbi bitirdikdən sonra Mustafa Kamal Atatürkün mühafizə alayında xidmət edib, akademiyaya daxil olub, Türkiyə ordusu sıralarında müxtəlif vəzifələrdə çalışıb. Ankarada Nəriman xanımla ailə həyatı qurub, iki qız, iki oğlu olub. Ən son iş yeri kimi Ankara Ordu evinin müdiri olaraq çalışan Məhəmməd bəy məsləyindən istefa verib, sərbəst iş həyatına başlayıb. Azərbaycan istiqlal mübarizəsinə də qoşulan Məhəmməd bəy Azərbaycan Kültür Dərnəyinin Danışma Məclisinin üzvü olub.

M.Gəncə 1978-ci il iyulun 28-də Ankarada vəfat edib, Əsri məzarlığında dəfn edilib.

Durul Gəncənin sənət yolu

Məhəmməd bəyin oğlu Durul Gence 14 mart 1940-cı ildə Ankarada doğulub. İbtidai təhsilini Bahçelievler məktəbində, orta təhsilini Namiq Kamal adına məktəbdə alıb. Xüsusi piaonino dərsləri alan Durul Gence məktəbin xor heyətində təmsil olunub, həmçinin Ankara radiosu uşaq klubunda konsert verib. 1954-cü ildə Dəniz Hərb Liseyinə daxil olub, həmin məktəbin orkestrində yer alıb. Məktəbin trampet qrupunda şefliyə qədər yüksəlib. Bu məktəbdəki orkestr Somer Soyata və dostları qrupu kimi də tanınıb və Türkiyədə Rock'n Roll ifa edən ilk musiqi qrupu olaraq tarixdə yerini alıb.

Hərbi məktəbdən ayrılan Durul Gence 1959-cu ildə ODTÜ İdari elmlər fakultəsinə daxil olub. 1963-cü ildə Demircinin Bayramşah kəndində müəllimlik vəzifəsində hərbi xidmət keçib. 1965-ci ildə Amasiyada 6-cı tüməndən ehtiyat zabit olaraq tərxis olunub.

1970-ci ildə Durul Gence Qafqaz qəhrəmanı Şeyx Şamilə həsr olunan xalq rəqsindən təsirlənərək hazırladığı musiqi əsəri ilə sənət dünyasında tanınıb. 1971-ci ildə ilin sənətçisi ünvanını qazanıb, prezident Cevdet Sunay tərəfindən mükafatlandırılıb. “İstanbul Express” qrupunda çalışan Gence daha sonra "Asia Minor Mission" qrupunu yaradıb, Ajda Pekkan, Rüçhan Çamay, Gönül Yazar, Alpay, Tanju Okan, Ertan Anapa kimi sənətçiləri müşayiət edib, xaricdə Herb Geller, Sonny Sharock, Bertice Reading, Four Pennies, Lili İvanova, Mads Vinding, Peter Bastian, Anders Koppel, Herbie Mann kimi məşhurlarla çalışıb.

Məşhur amerikalı caz ifaçısı Herbi Mennin İstanbul konsertində onu müşayiət edib. Bir çox dünya ulduzu ilə birlikdə çalışan Durul bəy bir il Norveçdə yaşayıb. Caza xidmətlərinə görə “Boston Berklee School of Music”dən təqaüd qazanıb. 1986-cı ildən etibarən ODTÜ və Hacettepe Universitetində “İnsan, musiqi və caz” dərsi verib.

Həyat yoldaşı Melda xanımla birlikdə “Gence” uşaq yurdunu qurub. Melda xanımla evliliyindən Elvin adlı qızı olub.

“DG-4” adlı qrupu da olan Gence 2005-ci ildə sənətdə 50-ci ilini qeyd edib.

2013-cü ildə İstanbul Kültür Sənət Vəqfi tərəfindən təşkil olunan İstanbul Caz Festivalında “Yaşam Boyu Başarı Ödülü”nə layiq görülüb.

Uzun müddətdir parkinson xəstəliyindən müalicə olunan Durul Gence ötən həftə həyata gözlərini yumdu. Əsri məzarlığında torpağa tapşırıldı.