BAKI, 10 dekabr. TELEQRAF

Bakıda Azərbaycanda təmsil olunan səfirliklər və diplomatik missiyalar, dövlət qürumları və QHT nümayəndələri, eləcə də millət vəkillərinin iştirakı ilə İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Forumu) fəaliyyətinin 15 illiyi ilə bağlı diplomatik qəbul keçirilib.

Teleqraf xəbər verir ki, İƏGF Avrasiya Regional Mərkəzinin idarə heyətinin sədri Elçin Əsgərov tədbirdə çıxış edərək, İƏT-in ilk gənclər platformu olan İƏGF-nin 2004-cü ildə Azərbaycan hökumətinin və şəxsən Prezident İlham Əliyevin dəstəyi ilə Bakıda təsis olunduğunu, forumun Avrasiya Regional Mərkəzinin də Azərbaycan hökumətinin dəstəyi ilə Bakıda yaradıldığını bildirib.

Gənclər və idman naziri Fərid Qayıbov da öz çıxışında İƏGF Avrasiya Regional Mərkəzi ilə Gənclər Sivilizasiyaların İttifaqı uğrunda, İƏT Modeli, İƏT Gənclər Paytaxtı layihələri və İƏT Gənclər Nazirləri Şurasının katibliyinin təsis olunması çərçivəsində əməkdaşlıqdan məmnunluq duyduğunu deyərək, bundan sonra da nazirliyin mərkəzlə əməkdaşlığa davam edəcəyini vurğulayıb.

Tədbir çərçivəsində dekabrın 6-da Bakıda keçirilmiş İƏT Xarici İşlər nazirlərinin simulyasiyasında xüsusi bacarıqları və fəallıqları ilə fərqlənmiş 9 gənc iştirakçı fərqlənmə sertifikatı və mükafatlarla təltif olunub.