BAKI, 23 sentyabr. TELEQRAF
"Sea Breeze" Sağlamlıq Vadisi dövlət müəssisələri ilə rəqabət aparmayan tərəfdaş kimi çıxış edə və bir çox pilot layihənin başlanğıcı ola bilər.
Teleqraf xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Sea Breeze Sağlamlıq Vadisi: Azərbaycanın tibbi mükəmməlliyə qlobal qapısı" adlı sessiyada çıxışı zamanı deyib.
"Xarici investorlar bu vadidə layihələrini pilot layihə kimi başlaya bilərlər və sonra biz onları dövlət müəssisələrimizdə tətbiq edib vətəndaşlarımıza daha keyfiyyətli xidmət təşkil edə bilərik. O baxımdan "Sea Breeze Sağlamlıq Vadisinin burada başlanması ölkə səhiyyəsi üçün önəmli adımdır və gələcəkdə daha faydalı işlər görüləcəyinə ümid edirəm".
Vüqar Qurbanov həmçinin bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da səhiyyə sektorunda kadr çatışmazlığı ən ciddi problemlərdən biridir.
"Gələcək dövrlərdə kadr çatışmazlığının aradan qaldırılması üçün telesəhiyyə xidmətinin ölkəmizdə də tətbiq olunmasına ehtiyac var", - TƏBİB-in İcraçı direktoru qeyd edib.