BAKI, 23 sentyabr. TELEQRAF
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə 2027–2030-cu illəri əhatə edən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının təqdim edilməsi Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi baxımından mühüm istiqamət kimi qiymətləndirilməlidir. Proqramın əsas mahiyyəti yalnız təbii ehtiyatların hasilatı deyil, onların ölkə daxilində emal edilərək daha yüksək əlavə dəyər yaratmasına əsaslanan sənaye zəncirinin formalaşdırılmasıdır.
Bunu Teleqraf-a Milli Məclisin deputatı Vasif Qafarov deyib.
O qeyd edib ki, xüsusilə işğaldan azad edilmiş Kəlbəcər, Ağdərə və Zəngilan ərazilərində qızıl, mis və molibden yataqlarının istismarı, Naxçıvanda geoloji kəşfiyyat işlərinin genişləndirilməsi, Balakəndə “Filizçay” yatağının inkişafı və Qərb Sənaye Parkının yaradılması regional iqtisadi inkişafı sürətləndirə biləcək layihələrdir:
"Dövlət Proqramının icrası nəticəsində 5 mindən çox yeni iş yerinin yaradılması, ixrac imkanlarının genişləndirilməsi və dövlət büdcəsinə əhəmiyyətli əlavə gəlirlərin daxil olması nəzərdə tutulur. Bu yanaşmanın mühüm tərəfi ondan ibarətdir ki, Azərbaycan öz təbii resurslarını xammal kimi ixrac etməklə kifayətlənməyərək hasilatdan zənginləşdirməyə və emala qədər tam istehsal zəncirinin qurulmasını hədəfləyir.

Eyni zamanda, Prezidentin ekoloji standartların ciddi qorunması ilə bağlı vurğusu göstərir ki, sənayeləşmə prosesi təbii ehtiyatların istismarı ilə yanaşı, ətraf mühitin mühafizəsi prinsipləri əsasında həyata keçirilməlidir.
Bu yeni Dövlət Proqramı Azərbaycanın iqtisadiyyatında qeyri-neft sənayesinin çəkisinin artırılması, regionlarda məşğulluğun genişləndirilməsi və xüsusilə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının ölkənin ümumi inkişafına daha fəal inteqrasiyası istiqamətində növbəti mərhələni formalaşdırır.