BAKI, 24 sentyabr. TELEQRAF
Vergi güzəştləri və “rəqəmsal səyyah” statusu ilə bağlı yeni qanun layihəsi hazırlanıb.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Vergi, Miqrasiya və digər qanunvericilik aktlarına dəyişiklikləri nəzərdə tutan qanun layihəsi hazırlanıb. Layihəyə əsasən, əsas dəyişikliklərin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi təklif olunur.
Layihədə texnologiyalar parklarının rezidentləri üçün vergi güzəştlərinin genişləndirilməsi, bəzi güzəştlərin 20 ilədək tətbiqi, innovasiya və startaplara investisiyaların stimullaşdırılması nəzərdə tutulur. Həmçinin elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə çəkilən müəyyən xərclərin 2,5 əmsalla gəlirdən çıxılması təklif edilir.
Sənəddə ilk dəfə “rəqəmsal səyyah” anlayışının Miqrasiya Məcəlləsinə daxil edilməsi də nəzərdə tutulur. Rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində distant çalışan və gəlirini xarici mənbələrdən əldə edən əcnəbilər üçün işgüzar səfər vizası, müvəqqəti və daimi yaşamaq imkanları müəyyənləşdirilir. Bunun üçün gəlir və fəaliyyətlə bağlı konkret tələblər müəyyən olunur.