BAKI, 17 sentyabr. TELEQRAF
"Türk Dövlətləri Təşkilatına sədrliyi çərçivəsində Azərbaycan ölkələrimiz arasında birliyin və həmrəyliyin daha da möhkəmlənməsinə, qarşılıqlı fəaliyyətimizin geniş potensialının reallaşmasına və bütövlükdə regionumuzun davamlı inkişafına, sülhə və təhlükəsizliyə töhfələr vermək üçün səylərini əsirgəmir".
Teleqraf xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciətində qeyd olunub.
Prezident Azərbaycanın TDT sədrliyi dövründəki prioritetləri və həyata keçirilən layihələri vurğulayaraq əlavə edib:
"Keçən il Qəbələ Zirvə Görüşündə qəbul edilmiş Bəyannamə üzv ölkələrin siyasi, iqtisadi, enerji, humanitar, hərbi və təhlükəsizlik sahələrində sıx əməkdaşlığını və inteqrasiyasını ehtiva edən mühüm yol xəritəsidir. Avropa ilə Asiyanı birləşdirən, Türk dövlətlərinin rifahına töhfə verən mühüm nəqliyyat-logistika layihəsi olan Orta Dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin və digər nəqliyyat bağlantılarının inkişaf etdirilməsi istiqamətində sədrliyimiz çərçivəsində səy göstəririk. Türk Dövlətləri Təşkilatına sədrliyimiz dövrünə təsadüf edən əlamətdar hadisələrdən biri də Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin keçirilməsidir".