BAKI, 15 sentyabr. TELEQRAF

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri bölgədəki reallıqların, bərpa və quruculuq işlərinin beynəlxalq səviyyədə əyani şəkildə qəbul edilməsinin növbəti bariz nümunəsidir. Lakin bu mühüm diplomatik addım qarşısında Ermənistan cəmiyyətinin sərgilədiyi səriştəsiz, isterik və qəbuledilməz reaksiya bir daha göstərir ki, İrəvan hələ də məğlubiyyəti qəbul etməyib və revanşizm xəstəliyindən əziyyət çəkir.

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur birmənalı Azərbaycanın suveren ərazisidir. Xarici diplomatların bu torpaqlara səfər etməsini linç kampaniyasına çevirən Ermənistan tarixi həqiqətlərin qarşısında acizdirlər. Bu cür sərsəm reaksiyalar Ermənistanın guya Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə səsləndirdiyi bəyanatların tamamilə saxta və riyakar olduğunu üzə çıxarır. Xarici diplomatların öz işlərini yerinə yetirməsinə qarşı çıxmaq birbaşa Azərbaycanın daxili işlərinə kobud müdaxilədir və beynəlxalq hüquq normalarının tapdalanmasıdır.

Ermənistan təbliğat maşınının uzun illərdir apardığı ideoloji siyasət tamamilə rasizmə və tarixi saxtakarlığa əsaslanır. Necə ola bilər ki, Gəncəsər və Xudavəng kimi abidələri erməni irsi kimi qələmə verəsən, lakin öz ərazində əsrlər boyu mövcud olmuş Azərbaycan tarixi-mədəni irsini qəsdən inkar edəsən?
İrəvanda formalaşdırılan mənfur narrativə görə, guya tarixi boyu Azərbaycan ərazisində ermənilər yaşayıb, lakin müasir Ermənistan ərazisində azərbaycanlıların heç vaxt izi olmayıb. Bu yanaşma birbaşa irqçiliyin, ksenofobiyanın və dözümsüzlüyün ən çirkin təzahürüdür".

deputat bildirib ki, Ermənistanın Qafqaz Albaniyası irsinə qarşı sərgilədiyi qısqanc və düşmən münasibət də məhz bu irqçi mahiyyətin nəticəsidir:

"Qafqaz Albaniyasının Azərbaycan torpaqlarındakı zəngin irsi dünya elminə və tarixinə bəllidir. Bu faktı danmaq yalnız tarixi həqiqətlərə deyil, həm də bəşəri dəyərlərə qarşı çıxmaqdır. Azərbaycan Respublikasının ərazisindəki bütün tarixi və mədəni abidələr dövlətimizin ali himayəsi altındadır və qorunur.

Təhlillər açıq şəkildə göstərir ki, Azərbaycana qarşı yönəlmiş sözügedən son qarayaxma kampaniyası və isterik çağırışlar təsadüfi xarakter daşımır. Müxalifətin sərsəmliyi ilə yanaşı, bu prosesin əsas dirijoru birbaşa Ermənistan hakimiyyətinin özüdür. İqtidara yaxın media resurslarının bu kampaniyada aparıcı rol oynaması İrəvanın sülh prosesindəki ikiüzlülüyünü ifşa edir.

Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın məsələ ilə bağlı səsləndirdiyi yolverilməz fikirlər də bunun sübutudur. Sentyabrın 14-də Ermənistan parlamentində 2022-ci ilin sentyabr ayında törətdikləri hərbi təxribatlar nəticəsində məhv olan hərbçilərin xatirəsinin uca tutulması və bu cür şouların təşkili ölkə daxilində revanşist əhval-ruhiyyəni ortaya qoyur. Bütün bunlar rəsmi İrəvanın sülhə deyil, yenidən gərginliyə xidmət etdiyinin növbəti nümunəsidir".

Günay Ağamalı vurğulayıb ki, Azərbaycan xalqının öz dədə-baba torpaqlarında Qərbi Azərbaycanda yaratdığı minillik irsi məhv edən Ermənistan bu gün saxtalaşdırmağa çalışırlar:

"Ermənistan tərəfi indiki Qərbi Azərbaycandakı məscidlərimizi, qəbiristanlıqlarımızı, tarixi yaşayış məskənlərimizi yerlə-yeksan etməklə əsl barbarlıq nümunəsi sərgiləyib. Bu addımlar 1954-cü il Haaqa Konvensiyasının və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır.

Ermənistan hərb meydanında aldığı ağır məğlubiyyətdən sonra sülhü qəbul etməlidir. Ermənistan hakimiyyətinin başqa yolu qalmadığını anlayaraq imza atmağa məcbur olduğu prosesləri daxildə revanşist bəyanatlarla balanslaşdırmağa çalışması əbəsdir. Revanşizmin növbəti isterikası və rəsmi İrəvanın sülhə qarşı xəyanətkar səhnəcikləri tarixi həqiqətlər qarşısında aciz qalanların əsl mahiyyətini bir daha ortaya qoyur. Nə qaragüruhçu erməni cəmiyyətinin isterikası, nə də hakimiyyətin dirijorluğu ilə aparılan qarayaxma kampaniyaları Azərbaycanı haqq yolundan döndərə bilməz. Reallıq dəyişməzdir. Azərbaycan öz suveren ərazilərində əbədi olaraq yaşayacaq, quracaq və bərpa edəcək!"