BAKI, 15 sentyabr. TELEQRAF
Azərbaycanda fəaliyyət göstərən 58 xarici ölkənin səfirliyi və 9 beynəlxalq təşkilatdan 150 nəfərin Qarabağ və Şərqi Zəngəzura səfəri böyük rezonans doğurub. Bu səfər bir daha xarici nümayəndələrə işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işləri və yeniliklərlə tanış olmaq imkanı verdi.
Bu sözləri Teleqraf.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, xarici nümayəndələrin Qarabağ və Şərqi Zəngəzura səfəri ilk deyil və bundan əvvəl də dəfələrlə belə səfərlər təşkil olunub: "Görünən odur ki, əvvəlki və indiki səfər arasında çox böyük irəliləyiş var. Şübhə yoxdur ki, növbəti səfər zamanı da yenə böyük bir irəliləyişin şahidi olacağıq. Artıq 100 minə qədər insan həmin ərazilərdə daimi yaşayır və ya orada fəaliyyət göstərir. Geri qayıdan keçmiş məcburi köçkünlər mənzillərlə təmin edilir, onların iş məsələləri həll olunur. Eyni zamanda, sahibkarlıqla məşğul olmaq istəyənlər üçün də şərait yaradılır".
O qeyd edib ki, iri şirkətlər, o cümlədən xarici şirkətlər Qarabağ və Şərqi Zəngəzura investisiya qoymaqda böyük maraq göstərirlər.
"Qarabağ Universitetinin təsis edilməsi və iki il ərzində qazandığı uğurlar, Xankəndi, Şuşa və Laçının beynəlxalq tədbirlərə ev sahibliyi etməsi böyük göstəricilərdən sayıla bilər. Sadəcə olaraq, insan geri qayıtmır, ora həyat qayıdır. Orada bizim tariximiz və mədəniyyətimiz bərpa edilir. Eyni zamanda, müasir Azərbaycanın siması həmin ərazilərdə möhtəşəm şəkildə qurulur. Bütün bunlar xarici qonaqların həmin prosesləri öz gözləri ilə görməsinə imkan verdi. Görünən odur ki, Azərbaycan xalqı təkcə torpağına sahib çıxmağı bacaran xalq deyil, eyni zamanda həmin torpağı bərəkətləndirən və qüdrətləndirən xalqdır".
Deputat vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda kommunikasiyalar yenidən qurulub, sosial obyektlər bərpa edilir, yeni yaşayış kvartalları salınır və insanlar böyük maraqla doğma torpaqlarına qayıdırlar:
"İnsanlar öz təsərrüfatlarını qururlar və iqtisadiyyatımızda olan yeniliklər özünü göstərir. Ənənəvi aqrar sektorla yanaşı, artıq emal müəssisələri və sənaye obyektləri tikilir və fəaliyyətə başlayır. Türk dövlətlərinin Azərbaycanın bu ərazilərinin bərpasına dəstəyi də hiss edilir. Onlar tərəfindən məktəblərin tikilməsi, müəyyən obyektlərin salınmasına dəstək göstərilməsi böyük göstəricidir".
A.Mirzəzadə xarici nümayəndələrin səfərinin Azərbaycan ictimaiyyətində də böyük maraq doğurduğunu bildirib. “Xarici mətbuatda səfərlə bağlı geniş materiallar dərc olundu. Əlbəttə, gözlənilən idi ki, Ermənistanın radikal müxalifəti də bu məsələyə münasibət bildirəcək. Onların aqressiyası və revanşist əhval-ruhiyyəsi bu məsələdə də özünü göstərdi. Ancaq onların aqressiyası qəbuledilməzdir və artıq aparılan quruculuğa, Azərbaycanın öz torpaqlarına sahibliyinə heç bir zaman mane ola bilməz. Azərbaycan xalqının qüdrəti, Prezidentimiz və birinci vitse-prezidentimizin torpaqlarımızın bərpasına göstərdiyi diqqət, strateji məsələləri daim nəzarətdə saxlamaları və sosial məsələlərə böyük diqqət göstərmələri həmin torpaqların canlanmasına səbəb olur. Azərbaycan tarixinin yeni və möhtəşəm bir dövrünü yaşayır. Gələcək nəsillər indi əsası qoyulan quruculuqla fəxr edəcəklər və bu quruculuğu daha yüksək səviyyələrə qaldıracaqlar".