BAKI, 18 avqust. TELEQRAF
Azərbaycan Baş Prokurorluğu tərəfindən respublikanın konstitusiya quruluşunu zorla devirmək ittihamı ilə axtarışda olan rusiyalı jurnalistlərin açıqlamaları Moskvanın Bakıya münasibətini əks etdirmir.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Zaxarova XİN-in saytındakı açıqlamasında bildirib: "Biz bundan xəbərdarıq. Bu şəxslərin verdiyi açıqlamalar heç bir şəkildə Moskvanın Azərbaycana münasibətlərini əks etdirmir. Biz inanırıq ki, Rusiya-Azərbaycan münasibətləri mövcud ikitərəfli hüquqi baza, ilk növbədə 2022-ci il fevralın 22-də Moskvada ən yüksək səviyyədə imzalanmış Müttəfiq Əməkdaşlığı haqqında Bəyannamə əsasında inkişaf etməlidir".
Qeyd edək ki, avqustun 17-də Azərbaycanın Baş Prokurorluğu terrorizm çağırışlarına görə Rusiyanın üç vətəndaşını beynəlxalq axtarışa verib: bunlar "Moskva 24" televiziya kanalının aparıcısı və jurnalist İvan Andreyeviç Knyazev; Rusiya Federasiyasında özünü siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Sergeyeviç Uralov, televiziya jurnalisti və müxbir kimi çalışan Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Aleksandroviç Çadayevdir.
Baş Prokurorluğun açıqlamasına görə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar, ərazi bütövlüyünün pozulması, etnik nifrət, düşmənçiliyin qızışdırılması və terrorizmə açıq çağırışlar ittihamları ilə başlanmış cinayət işi üzrə ilkin istintaq aparılır.
Bu gün səhər Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiya səfiri Mixail Yevdokimovu çağırıb, diplomata həmin ölkənin mediasında Azərbaycan xalqı və onun rəhbərliyinə qarşı son təxribatçı açıqlamalarla bağlı sərt etiraz bildirilib.