BAKI, 7 iyun. TELEQRAF

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsində çıxışında Azərbaycanın uğurlu enerji strategiyası və qlobal enerji təhlükəsizliyində artan rolu və bu istiqamətdə əsas hədəflərdən bəhs edib. Bu bir reallıqdır ki, əsası ulu öndər heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın enerji strategiyası özlkəmizin iqtisadi-siyasi qüdrətinin möhkəmləndirilməsinə, milli maraqlarımızın ən yüksək səviyyədə təmin olunmasın aimkan yaradıb. Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən bu siyasət Azərbaycanın regional və qlobal miqyasda bütün istiqamətlər üzrə mövqlərinin daha da möhkəmlənməsinə xidmət edib.

Bunu Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor bildirib ki, Azərbaycanın enerji siyasətinin formalaşması, inkişafı və beynəlxalq əhəmiyyət qazanması baxımından Bakı Enerji Həftəsi xüsusi önəm daşıyan platformalardan biridir:

“Bu xüsusda Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində çıxışı ölkəmizin son otuz ildə keçdiyi inkişaf yolunu, enerji strategiyasının nəticələrini, qlobal enerji təhlükəsizliyinə töhfələrini və gələcək prioritetlərini əhatə edən mühüm mesajlarla yadda qaldı. 1994-cü ildə əsası qoyulan Xəzər Neft və Qaz Sərgisi ötən 30 il ərzində böyük inkişaf yolu keçərək bu gün Bakı Enerji Həftəsi formatına çevrilib. Hazırda bu tədbir dünyanın ən nüfuzlu enerji platformalarından biri hesab olunur və beynəlxalq enerji gündəliyinin formalaşmasında mühüm rol oynayır.

Sözsüz ki, bu mötəbər tədbirin nüfuzu aparıcı dünya liderlərinin diqqətinə səbəb olub. ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Kir Starmer tərəfindən tədbir iştirakçılarına ünvanlanan rəsmi məktublar Bakı Enerji Həftəsinin beynəlxalq əhəmiyyətinin göstəricisi kimi qiymətləndirilir. Prezident İlham Əliyev də çıxışında bu məktubların Azərbaycanın beynəlxalq tərəfdaşları ilə formalaşdırdığı etibarlı münasibətlərin nəticəsi olduğunu vurğulayıb”.

Eldar Quliyev vurğulayıb ki, enerji məsələlərində praqmatik yanaşmanın vacibliyi olduqca önəmlidir:

“Prezident İlham Əliyev çıxışında son illərdə neft və qaz sənayesinə qarşı aparılan qərəzli kampaniyalara da toxunub. Dövlət başçısı bildirdi ki, uzun müddət enerji sektorunun, xüsusilə də neft və qaz sənayesinin hədəfə alınması və damğalanması cəhdləri müşahidə olunurdu. Lakin artıq dünya reallıqları göstərir ki, bəşəriyyət yaxın gələcəkdə faydalı qazıntılar olmadan yaşaya bilməz.

Bu kontekstdə Prezident ABŞ Prezidenti Donald Trampa enerji siyasətinin yenidən praqmatik və real məcraya qaytarılması istiqamətində atdığı addımlara görə təşəkkürünü ifadə etdi. Vurğulandı ki, enerji təhlükəsizliyi ilə yaşıl keçid bir-birini inkar edən deyil, bir-birini tamamlayan istiqamətlərdir. Əsas məsələ təbii sərvətlərdən səmərəli istifadə etməklə yanaşı, bərpaolunan enerji mənbələrinə də investisiyaların davam etdirilməsidir”.

Azərbaycan balanslaşdırılmış və milli maraqlara əsaslanan enerji siyasəti həyata keçirir ki, bu yanaşma ölkənin həm öz enerji təhlükəsizliyini təmin etməsinə, həm də beynəlxalq enerji bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsinə imkan verib. Təbii ki, enerji gəlirlərinin milli inkişafın təmin edilməsinə yönəldilməsi da bu xüsusda mühüm önəm kəsb edir. Azərbaycanın təbii sərvətlərdən əldə etdiyi gəlirləri məqsədyönlü şəkildə ölkənin inkişafına yönəldir. Enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə olunan maliyyə vəsaitləri sosial infrastrukturun qurulmasına, təhsil və səhiyyə sistemlərinin modernləşdirilməsinə, nəqliyyat infrastrukturunun inkişafına, müdafiə qabiliyyətinin gücləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə sərf olunub.

Bu siyasət nəticəsində Azərbaycan enerji resurslarını sadəcə iqtisadi gəlir mənbəyi kimi deyil, uzunmüddətli milli inkişafın təmin edilməsinin əsas aləti kimi istifadə etməyi bacarıb. Məhz bu kontesktdə Azərbaycanın enerji strategiyası uğurlu inkişaf modelinə əsaslanır.

Təbii ki, bu gün əldə olunan nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi enerji strategiyası dayanır. 1994-cü ildə imzalanan və Azərbaycanın müasir inkişaf tarixində dönüş nöqtəsinə çevrilən “Əsrin müqaviləsi” ölkənin iqtisadi və siyasi gələcəyini müəyyənləşdirdi.

1990-cı illərin əvvəllərində Azərbaycan olduqca ağır vəziyyətdə idi. Ölkə ərazisinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi mövcud idi, yoxsulluq səviyyəsi 50 faizdən yuxarı idi. Azərbaycan elektrik enerjisi və təbii qaz idxal edən ölkəyə çevrilmişdi.

Bu gün isə vəziyyət tamamilə fərqlidir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub, yoxsulluq səviyyəsi təxminən 5 faizə enib, işsizlik minimum həddə düşüb. Xarici borc ÜDM-in cəmi 6 faizini təşkil edir, dövlətin strateji valyuta ehtiyatları isə xarici borcu 18 dəfə üstələyir.

Prezident İlham Əliyevin də bəyan etdiyi kimi 30 il əvvəl xarici investisiyaları cəlb edən Azərbaycan bu gün investor ölkəyə çevrilib. Dövlət Neft Şirkəti – SOCAR artıq Yaxın Şərq, Afrika və Mərkəzi Asiya regionlarında iri layihələrə investisiya yatırır.

Güclü iqtisadiyyatın və güclü ordunun formalaşdırılması nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq torpaqlarını işğaldan azad edib və ölkənin ərazi bütövlüyünü bərpa edib.

Bu baxımdan da Azərbaycanın son 30 ildə keçdiyi inkişaf yolu bir çox ölkələr üçün nümunə ola bilər. Azərbaycanın təcrübəsi göstərir ki, təbii sərvətlərdən səmərəli və milli maraqlara uyğun şəkildə istifadə edildiyi halda, onlar ölkənin sosial rifahının yüksəldilməsinə, iqtisadi gücünün artırılmasına, müdafiə potensialının gücləndirilməsinə və beynəlxalq nüfuzunun artmasına xidmət edə bilər.

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı Azərbaycanın enerji strategiyasının uğurlu nəticələrini, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri və gələcək inkişaf prioritetlərini əhatə edən mühüm siyasi və iqtisadi mesajlarla zəngin oldu. Çıxış bir daha nümayiş etdirdi ki, Azərbaycan təbii sərvətlərini milli inkişafın xidmətinə yönəltməklə yanaşı, beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında da etibarlı və məsuliyyətli tərəfdaş kimi çıxış edir. Son otuz ildə əldə olunan nailiyyətlər ölkəmizin enerji siyasətinin düzgün qurulduğunu təsdiqləməklə yanaşı, Azərbaycanın regional və qlobal miqyasda artan rolunu da aydın şəkildə ortaya qoyur”.