BAKI, 14 may. TELEQRAF

Cənubi Qafqazda real sülh və təhlükəsizlik bərqərar olunub və bu sabitliyin əsas qarantı məhz Azərbaycandır.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Prezident İlham Əliyevin Zəngilan şəhər sakinləri ilə görüşü zamanı səsləndirdiyi tezislərə həsr olunmuş dəyirmi masada bildirib.

F.Şəfiyev regiondakı mürəkkəb geosiyasi vəziyyətə toxunaraq qeyd edib ki, hazırda həm şimal, həm də cənub istiqamətində müharibələr davam edir və bu münaqişələrin necə yekunlaşacağı qeyri-müəyyəndir.

İran ətrafındakı vəziyyətin də gərgin qaldığını vurğulayan BMTM sədri belə bir fonda bəzi qüvvələrin bölgədə yaranmış yeni reallığa qarşı fəaliyyət göstərdiyini diqqətə çatdırıb:

"Prezidentin çıxışından da bəlli olur ki, bu təzyiqlər yalnız bir istiqamətdən gəlmir. Biz Rusiyadan Ermənistana və ümumilikdə regiona yönəlmiş müəyyən çağırışları müşahidə edirik. Burada söhbət təkcə Ermənistanın Avropa İttifaqı ilə bağlı siyasətindən getmir, hətta bəzi çıxışlarda “Türkmənçay” müqaviləsi kimi fundamental məsələlər də dilə gətirilir. Təəssüf ki, eyni zamanda Avropa tərəfindən də Azərbaycana qarşı müəyyən fəaliyyətlər görürük”.