BAKI, 21 mart. TELEQRAF

Dövlət idarəçiliyində keyfiyyət dəyişikliyi hər zaman çevik qanunvericilik bazası və müasir kadr siyasəti ilə düz mütənasibdir. Möhtərəm Cənab Prezident İlham Əliyev tərəfindən imzalanan son qanunvericilik aktları məhz bu zərurətdən doğan, Azərbaycanın dövlət qulluğu sistemini yeni inkişaf mərhələsinə keçidin fundamental islahatıdır.

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

O qeyd edib ki, biz atılan bu addımları həm prosedurların yenilənməsi həm də, dövlət aparatının rəqabətədavamlılığının artırılmasına yönəlmiş strateji vizyon kimi qiymətləndirməliyik:

"Ölkə başçımızın bu qərarı dayanıqlı və vahid modelə keçiddir. Bu qanunvericilik dəyişikliyinin əsas mahiyyəti ədalətli yanaşmanın təzahürüdür. Müxtəlif əlavələrin vəzifə maaşına inteqrasiya edilməsi sistemdəki disproporsiyaları tamamilə aradan qaldırır və şəffaf idarəetmənin ayrılmaz hissəsinə çevrilir. Dövlət başçımızın bu yanaşması dövlət qulluğunun nüfuzunu qorumaqla yanaşı, sistemin daxili arxitekturasını daha möhkəm təməllər üzərində qurur. Dövlət qulluğu müasirləşir və real əmək bazarına uyğun hala gəlir”.

Deputat vurğulayıb ki, parlamentdə müzakirələrdə də gənc və istedadlı kadrların dövlət idarəçiliyinə cəlb olunması üçün sabitliyin mühüm şərt olduğu qeyd olunur:

“Cənab Prezidentin təsdiq etdiyi yeni model məhz gənc mütəxəssislər üçün başlanğıc mərhələdə daha rəqabətli və cəlbedici şərait yaradır. Sözügedən dəyişiklik həm də peşəkar kadr potensialının qorunmasına yönəlmiş güclü sosial müdafiə mexanizmidir. Dövlət idarəçiliyində effektivliyin artırılmasına xidmət edən bu uzaqgörən islahatlar, Azərbaycanın modernləşmə xəttinin nə qədər sarsılmaz olduğunu bir daha sübut edir”.