BAKI, 19 mart. TELEQRAF

"Dövlət qulluğu haqqında" qanuna görə, dövlət qulluqçularının əməkhaqqı dövlət maaşından, əlavələrdən, mükafatlardan ibarətdir. Əlavələr özü də əsasən ştaja və hakimiyyət səlahiyyətinə görə təyin edilir. Bu da bütün dövlət qulluqçularına deyil, yalnız hakimiyyət səlahiyyəti olanlara şamil olunur".

Bunu Teleqraf-a hüquqşünas Sahib Məmmədov deyib.

O qeyd edib ki, yeni mexanizmlə yuxarıda sadalanan bir çox meyarlar ləğv edilir:

“Beləliklə, vahid və sabit əməkhaqqı sisteminə keçilir. Bunun da müsbət tərəfləri ondan ibarətdir ki, yeni işə qəbul olunan dövlət qulluqçularının da əməkhaqlarında artım olacaq. Halbuki, onlar əlavələri əvvəlki qaydalarla ala bilmirdilər. Çünki onların nə stajı, nə də ki, səlahiyyətləri mövcud idi. Eyni zamanda dövlət qulluqçusu əvvəlcədən bilir ki, onun fiks olunmuş əməkhaqqı nədən ibarətdir. Bu isə onu dövlət qulluğunda işləməyə həvəsləndirəcək”.

Sahib Məmmədova görə, yeni qaydalarla sui-stifadə hallarının qarşısı alınacaq:

“Yəni, kiməsə mükafat verilə və ya verilməyə bilərdi. Bu anlayışlar var idi. Artıq belə hallar mümkün olmayacaq. Bu mənada yeni mexanizmlər vacib islahalatların tərkib hissəsi kimi çox vacibdir. Həmçinin bu, dövlət idarəetmə sistemində və dövlət qulluqçularının əməkhaqqı sistemində həyata keçirilən islahatlar çərçivəsində edilir. Uzun müddətli planda da bunun müsbət nəticələri olacaq. Beləliklə, müvafiq dövlət orqanı yəni, Maliyyə Nazirliyi üçün əməkhaqqı sistemini proqnozlaşdırmaq daha asanlaşacaq”.