BAKI, 17 fevral. TELEQRAF

Oman xarici işlər naziri Bədr əl-Busaidi Cenevrədə iranlı həmkarı Abbas Əraqçi ilə ABŞ ilə nüvə dosyesi üzrə keçiriləcək növbəti dolayı danışıqlara hazırlıq çərçivəsində görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə fevralın 16-da Oman Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilib ki, tərəflər İran və ABŞ arasında sabaha planlaşdırılan ikinci raund dolayı danışıqlara hazırlıq məsələlərini müzakirə ediblər. Açıqlamada vurğulanır ki, nazirlər bütün tərəflərin məqsəd və gözləntilərinə cavab verən razılaşmanın əldə olunması üçün qarşılıqlı anlaşma və konsensusun vacibliyini qeyd ediblər.

Qeyd edək ki, yanvarın 26-da Vaşinqtonda İrana doğru “böyük armadanın” hərəkət etdiyi açıqlanmışdı. ABŞ tərəfi Tehranın danışıqlar masasına əyləşərək “ədalətli və bərabərhüquqlu” saziş imzalayacağına ümid etdiyini bildirmiş, bu razılaşmanın nüvə silahından tam imtinanı nəzərdə tutmalı olduğunu vurğulamışdı. Eyni zamanda, ABŞ 2025-ci ilin yayında İslam Respublikasına endirilən zərbələrə işarə edərək, növbəti hücumun daha ağır olacağı barədə xəbərdarlıq etmiş və bunun qarşısının alınmasına çağırmışdı.

Xatırladaq ki, İran və ABŞ arasında Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın nizamlanması ilə bağlı danışıqların yeni mərhələsi fevralın 6-da Oman paytaxtında keçirilmişdi. Həmin görüşdə İran nümayəndə heyətinə Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi elçisi Stiven Uitkoff rəhbərlik etmişdi.