BAKI, 14 fevral. TELEQRAF

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin bölgəyə, xüsusən də Azərbaycana səfərinin nəticələri ilə bağlı proqnozlar nədən ibarətdir?

- Prezident İlham Əliyev Azərbaycan-ABŞ əlaqələrini yerində və lazım olan səviyyədə qiymətləndirdi. Bakı-Vaşinqton münasibətlərində yeni bir səhifə açılır. Bu gün aparıcı qüvvə, siyasi mərkəz olan Amerika dünyanın istiqamətini müəyyən edən dövlətdir. Məhz bu kontekstdə Azərbaycanla ABŞ arasında Strateji Əməkdaşlıq haqqında Xartiyanın imzalanması ölkəmizin əhəmiyyətli olduğunu nümayiş etdirməklə yanaşı, həyata keçirilən siyasətin düzgün və dürüst aparıldığının da bariz nümunəsidir. ABŞ bu gün Azərbaycanda mövcudluğu ilə faktiki olaraq dünyaya ciddi mesaj göndərdi.

- Ağ Ev rəsmisinin Bakıda olması qlobal miqyasda hansı mesajları özündə ehtiva edir?

- Bu mesaj ondan ibarətdir ki, “sizin bəzi dairələrinizin, beynəlxalq münasibətlərlə bağlı Azərbaycana olan yanaşmaları düzgün deyil”. Xüsusilə, Avropa Şurasında, Avropa Parlamentində yenə də köhnə ab-hava ilə danışmaq istəyənlər var. Fransa parlamentində növbəti dəfə revanşistlər baş qaldırmaq istəyir. Həmçinin, Azərbaycanın gördüyü işləri qəbul etmək niyyətində olmayan qüvvələr mövcuddur. Amma bütün bunların hamısına ən təsirli cavab Azərbaycan-ABŞ münasibətlərinin yüksək səviyyədə olduğunun dünyaya nümayiş etdirilməsidir. Azərbaycanla ABŞ arasında imzalanan tərəfdaşlıq Xartiyası bu xüsusda mühüm önəm kəsb edir.

- Amerika ilə əldə edilən razılaşmalar ölkəmizin regional və qlobal proseslərdəki artan roluna necə təkan verə bilər?

- Bu faktiki olaraq Azərbaycanın yerləşdiyi regionda, həm də geniş mənada, Avrasiyada rolunun nə dərəcədə əhəmiyyətli olmasının birbaşa təsdiqidir. Sözsüz ki, bu münasibətlərin sülh prosesinə xüsusi təsiri mövcuddur. Çünki ilk dəfədir ki, Cənubi Qafqazda tamamilə başqa bir mühit, reallıq yaranandan sonra konkret inkişaf, tərəqqi və beynəlxalq münasibətlər çərçivəsində milli maraqların qorunması ilə bağlı ən yüksək səviyyədə aparılan siyasətin təntənəsini görürük.

- Regional məsələlərə son proseslərin təsiri necə ola bilər?

- Azərbaycanla ABŞ arasında münasibətlər vacib və əhəmiyyətlidir. Bir neçə gündən sonra Azərbaycan Prezidenti ABŞ Prezidentinin Sülh Şurasının yaradılması ilə bağlı tədbirində iştirak edəcək. Eyni zamanda bu gün Prezident İlham Əliyev tamamilə başqa bir gündəmlə, qalibiyyət, inkişaf, sülh mesajları ilə Münxen Təhlükəsizlik Konfransında iştirak edir. Bütün bunların isə hamısı onu sübut edir ki, artıq Azərbaycan tamamilə başqa bir müstəvidədir. Bu bizim üçün hava-su kimi lazımdır. Çünki regionda elə ölkələr var ki, onlar hələ də öz ambisiyalarını cilovlaya bilmirlər. Bu nöqteyi- nəzərdən Azərbaycanın yeni bir zirvəyə qalxması onlara da xüsusi bir mesajdır.