BAKI, 8 fevral. TELEQRAF

"Bakıda separatçı rejimin rəhbərləri və nümayəndələri barəsində çıxarılan məhkəmə qərarı Azərbaycan dövlətinin ədalət və hüququn aliliyi prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Bu proses illərlə davam etmiş münaqişənin, işğal dövründə törədilmiş ağır cinayətlərin hüquqi müstəvidə qiymətləndirilməsi baxımından mühüm mərhələdir".

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı deyib.

O bildirib ki, uzun illər ərzində xalqımıza qarşı törədilmiş müharibə cinayətləri, insanlığa qarşı əməllər, terror və zorakılıq faktları bu gün hüquqi müstəvidə öz qiymətini alır:

"Azərbaycan dövləti bu prosesdə ədalət prinsipini əsas götürdü. Açıq və şəffaf məhkəmə araşdırmaları, təqsirləndirilən şəxslərin müdafiə hüququnun təmin edilməsi, beynəlxalq hüquq normalarına uyğun prosedurların tətbiqi bir daha göstərdi ki, Azərbaycan hüquqi dövlət olaraq hər bir məsələni qanun çərçivəsində həll edir. Qərar həm də beynəlxalq ictimaiyyət üçün mühüm mesajdır. Müharibə cinayətləri, separatçılıq və terror heç vaxt cəzasız qalmır. Ədalət gec-tez öz yerini tapır. Azərbaycan xalqı onilliklər boyu yaşadığı ağrıların, itkilərin və ədalətsizliklərin hüquqi qiymətini görmək hüququna sahib idi və bu proses həmin hüququn bərpası baxımından əhəmiyyətlidir".

Günay Ağamalının sözlərinə görə, məhkəmə qərarı regionda dayanıqlı sülhün və təhlükəsizliyin qurulmasına xidmət edir:

"Ədalət bərqərar olunmadan davamlı sülhdən danışmaq mümkün deyil. Azərbaycan dövləti həm ədaləti təmin edir, həm də gələcəyə sabit, təhlükəsiz və hüquqa əsaslanan regional əməkdaşlığa doğru addımlar atır. Hesab edirəm ki, Bakıda separatçılarla bağlı verilən qərar ədalətin təntənəsi, dövlətimizin gücünün, hüquqi sistemimizin yetkinliyinin və milli iradəmizin təzahürüdür. Qərar həm tarix, həm də gələcək nəsillər üçün mühüm hüquqi və siyasi mesajdır. Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının hüquqlarını qorumaqda qətiyyətlidir və bu yolda bütün addımlar qanun və ədalət çərçivəsində atılır".