BAKI, 8 fevral. TELEQRAF

"Azərbaycan dövləti uzun illər ərzində işğal, separatçılıq, etnik təmizləmə və terrorla müşayiət olunan ağır bir mərhələdən keçib. Bu dövrdə ölkəmizin ərazi bütövlüyü pozulub, minlərlə insan doğma yurd-yuvasından didərgin düşüb, şəhər və kəndlərimiz viran qoyulub. Bu prosesin arxasında təkcə hərbi təcavüz deyil, eyni zamanda qanunsuz separatçı rejim, onun rəhbərləri və təşkilatçıları dayanıb. Məhz buna görə separatçılarla bağlı Bakıda verilən qərar təkcə hüquqi hadisə deyil, həm də tarixi ədalətin bərpası kimi qiymətləndirilməlidir".

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Deputat bildirib ki, Azərbaycanın son illərdə əldə etdiyi bu tarixi nəticələrin əsasında isə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, prinsipial mövqeyi və milli maraqlara əsaslanan dövlətçilik siyasəti dayanır:

"Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt öz ərazi bütövlüyü məsələsində güzəştə getməyib və bu istiqamətdə ardıcıl, sistemli addımlar ataraq həm hərbi, həm siyasi, həm də hüquqi müstəvidə haqqını təmin edib. Bu gün separatçılarla bağlı Bakıda aparılan məhkəmə prosesi də həmin prinsipial siyasətin hüquqi nəticəsi kimi dəyərləndirilə bilər.

Separatçıların Azərbaycan məhkəməsi qarşısında cavab verməsi beynəlxalq hüququn fundamental prinsiplərinə tam uyğundur. Çünki dövlətin suverenliyi və ərazi bütövlüyü BMT Nizamnaməsi daxil olmaqla bütün beynəlxalq sənədlərdə açıq şəkildə təsbit olunub. Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra öz qanunları çərçivəsində cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək hüququna malikdir. Burada əsas məsələ ondan ibarətdir ki, məhkəmə prosesində ittiham olunan şəxslərə hüquqi müdafiə imkanı yaradılır, onların hüquqları təmin olunur və proses qanunun tələblərinə uyğun şəkildə aparılır. Bu isə Azərbaycanın “qisas” yox, məhz “ədalət” prinsipi ilə hərəkət etdiyini nümayiş etdirir".

Onun sözlərinə görə, separatçılıq dünyanın istənilən ölkəsində cinayət sayılır və heç bir dövlət öz ərazisində qanunsuz silahlı birləşmələrin, paralel idarəetmənin və dövlətçiliyə qarşı fəaliyyətin mövcudluğunu qəbul etmir:

"Azərbaycan da bu baxımdan istisna deyil. Buna görə də Bakıda separatçılarla bağlı verilən qərar beynəlxalq hüququn və dövlət suverenliyinin təntənəsi kimi dəyərləndirilə bilər. Bu qərar dünyaya açıq mesajdır ki, qanunsuz rejimlər, müharibə cinayətləri və separatçı fəaliyyət cəzasız qalmayacaq. Bu məhkəmə prosesi eyni zamanda işğal illərində əziyyət çəkmiş yüz minlərlə azərbaycanlının haqqının tanınması və bərpasıdır. Xocalı soyqırımı, mülki əhalinin qətlə yetirilməsi, şəhərlərin dağıdılması, mədəni irsin məhv edilməsi kimi faktlar illərlə beynəlxalq müstəvidə lazımi səviyyədə qiymət almasa da, Azərbaycan öz hüquqi imkanları çərçivəsində bu cinayətlərin araşdırılmasına və günahkarların cəzalandırılmasına başlayıb. Ədalət təkcə məhkəmə zalında deyil, həm də tarixin yaddaşında bərpa olunur. Nəticə olaraq demək olar ki, separatçılarla bağlı Bakıda verilən qərar Azərbaycan dövlətinin hüquqi gücünün, suverenliyinin və ədalətə sadiqliyinin göstəricisidir. Bu məhkəmə prosesi həm ölkə daxilində hüququn aliliyinin təsdiqi, həm də beynəlxalq hüququn qorunması baxımından mühüm addımdır. Azərbaycan bu gün dünyaya göstərir ki, dövlətin ərazi bütövlüyü toxunulmazdır, separatçılıq isə cəzasız qalmayacaq. Ədalət gec də olsa yerini tapır".