BAKI, 3 fevral. TELEQRAF

Ana Vətən Partiyasının (AVP) yeni seçilmiş sədri, Milli Məclisin deputatı Günay Ağamalı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ana Vətən Partiyasının sədri özü məlumat verib.

Günay Ağamalı bildirib ki, Prezident Administrasiyasında keçirilmiş görüş zamanı Ədalət Vəliyev onu partiyanın sədri seçilməsi münasibətilə təbrik edib, habelə bilavasitə dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqu sayəsində təşviq olunan sağlam əməkdaşlıq mühiti çərçivəsində görülmüş işlərinin əhəmiyyəti haqqında fikirlərini səsləndirib.

Görüş çərçivəsində Ana Vətən Partiyasının təkrar dövlət qeydiyyatına alınması, partiyanın fəaliyyəti, ideoloji prioritetləri, məsuliyyətli gənclərin aktiv siyasi fəaliyyətə cəlb olunması və digər bu kimi məsələlər haqqında söhbət açılıb. Günay Ağamalı sədrlik etdiyi partiyanın milli maraqlar naminə konstruktiv əməkdaşlıq xəttinə sadiq qalacağını vurğulamış və Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunması prosesində daha aktiv şəkildə fəaliyyət göstərəcəyini bildirib.

Tərəflər Vətən müharibəsindən sonra yeni geosiyasi reallıqlar, ölkəmizdə iqtidar-müxalifət dialoqunun inkişaf perspektivlərini, informasiya təxribatlarının zərəri, Qarabağda bərpa-quruculuq işləri və digər bu kimi aktual məsələlər haqqında müzakirələr aparıb.