BAKI, 19 yanvar. TELEQRAF
Milli Məclisin Mədəniyyət komitəsinin yaz sessiyası üzrə ilk iclası keçirilib.
Teleqraf xəbər verir ki, iclasın gündəliyində “Kinematoqrafiya haqqında” qanun layihəsində bəzi dəyişikliklər (birinci oxunuş) müzakirəyə çıxarılıb.
Qanun layihəsində “yerli prodüser” və “xarici prodüser” anlayışları ayrıca müəyyən edilib.
Qeyd olunan dəyişiklik hüquqi münasibətlərdə subyektlərin statusunu dəqiqləşdirəcək, dövlət dəstəyi və təşviq mexanizmlərinin tətbiqi zamanı şəffaflığı artıracaqdır.
Eyni zamanda, qanunda istifadə edilmiş “müştərək çəkilmiş film” anlayışının “birgə istehsal edilmiş film” anlayışı ilə əvəz edilməsi beynəlxalq hüquqi terminologiya ilə uyğunluq yaradır və normativ-hüquqi aktın dil və üslub baxımından təkmilləşdirilməsinə səbəb olur.
Qanunun 3-cü maddəsinə edilən dəyişikliklə xarici prodüserlərin Azərbaycan ərazisində film istehsalına cəlb edilməsi dövlət siyasətinin ayrıca istiqaməti kimi təsbit olunur. Bu, ölkənin beynəlxalq kino bazarına inteqrasiyasına və mədəni diplomatiyanın inkişafına xidmət edir.
Qanunun 13-cü maddəsinə əlavə edilən müddəalarla xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclərin həmin Qaydalara uyğun olaraq qismən geri ödənilməsi qanunda əks olunur. Bu mexanizm bir çox ölkələrdə uğurla tətbiq olunan maliyyə təşviqi vasitəsi olmaqla, xarici investisiyaların cəlb edilməsinə, yerli xidmət sektorunun inkişafına və yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərir.
Beləliklə, layihənin qəbul edilməsi nəticəsində Azərbaycanda kinematoqrafiya sahəsində hüquqi tənzimləmə təkmilləşdiriləcək, beynəlxalq və birgə istehsal layihələrinin sayı artacaq, ölkənin kino sənayesinə xarici maliyyə və texnologiya axını sürətlənəcək, Azərbaycanın mədəni və yaradıcı potensialının beynəlxalq səviyyədə tanıdılması güclənəcək və dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları genişlənəcək.