BAKI, 19 yanvar. TELEQRAF
Milli Məclisin Mədəniyyət komitəsinin yaz sessiyası üzrə ilk iclası keçirilib.
Teleqraf xəbər verir ki, iclasın gündəliyində “Kinematoqrafiya haqqında” qanun layihəsində bəzi dəyişikliklər (birinci oxunuş) müzakirəyə çıxarılıb.
Belə ki, 1998-ci ildə qəbul edilmiş “Kinematoqrafiya haqqında” Qanunu ötən dövr ərzində bir sıra dəyişikliklərə məruz qalsa da, hazırda qlobal kino sənayesində baş verən sürətli inkişaf, beynəlxalq birgə istehsal mexanizmlərinin genişlənməsi, eləcə də xarici prodüserlərin cəlb olunması üçün iqtisadi və institusional stimulların tətbiqi zərurəti həmin qanunun təkmilləşdirilməsini tələb edir.
Bu xüsusda təqdim edilən qanun layihəsi ölkəmizdə kino istehsalı sahəsində hüquqi tənzimləmənin müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması, anlayışların dəqiqləşdirilməsi, dövlət dəstəyinin institusional mexanizmlərinin genişləndirilməsi və kino industriyası üçün investisiya cəlbediciliyinin artırılmasına xidmət edir.
Qanun layihəsində sahə üzrə anlayışların genişləndirilməsi və dəqiqləşdirilməsi nəzərdə tutulub. Belə ki, layihə ilə qanunun 1-ci maddəsinə “milli film”, “xarici film”, “birgə istehsal filmi”, “film istehsalı”, eləcə də film istehsalının mərhələlərini (hazırlıq, çəkiliş, tamamlanma) əhatə edən anlayışlar əlavə edilir. Bu dəyişikliklər hüquqi qeyri-müəyyənliyi aradan qaldırır, normanın tətbiqində vahid yanaşmanı təmin edir və beynəlxalq kino hüququnda qəbul olunmuş terminologiya ilə uzlaşır.