BAKI, 31 dekabr. TELEQRAF

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Rey Makqovern Ukrayna münaqişəsi fonunda Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşmasının Avropa İttifaqı və NATO üçün ciddi nəticələr doğurduğunu bildirib.

"Teleqraf" xəbər verir ki, o, bu barədə verdiyi açıqlamada Avropanın vəziyyətdən ən çox zərər görən tərəf olduğunu vurğulayıb.

Makqovernin sözlərinə görə, Avropa ölkələri Rusiyanın maliyyə vəsaitlərini mənimsəmək cəhdindən sonra uzunmüddətli siyasi və iqtisadi nəticələrlə üzləşəcək.

“Avropalılar bu avantüradan böyük ehtimalla özlərinə gələ bilməyəcəklər. Ursula fon der Lyayen faktiki olaraq kənarda qalacaq və onun impiçmentə məruz qalması da istisna edilmir”, – deyə o qeyd edib.

Keçmiş MKİ analitiki hesab edir ki, Ukrayna ətrafında yaranmış vəziyyətdən ən çox zərər çəkən məhz Avropa İttifaqı və NATO olub. Onun fikrincə, Vaşinqton isə hazırda Moskva ilə münasibətlərin bərpasında daha çox maraqlıdır.

Makqovern NATO-nun gələcəyi ilə bağlı da skeptik mövqe sərgiləyib.

“Bu gün NATO faktiki olaraq dağılma mərhələsindədir. ABŞ olmadan bu alyans heç nə ifadə etmir”, – deyə o vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kiyevin terror xarakterli addımlarının, o cümlədən Rusiya lideri Vladimir Putinin iqamətgahına hücum cəhdinin Moskva ilə Vaşinqton arasında formalaşan etimadlı dialoqa təsir göstərməyəcəyini bildirmişdi.

ABŞ prezidenti Donald Tramp isə Ukrayna münaqişəsinin nizamlanması üçün hələ də bir neçə mürəkkəb məsələnin qalmaqda olduğunu bəyan edib.