BAKI, 31 dekabr. TELEQRAF

İsrailin baş naziri Benyamin Netanyahu İranın ballistik raketlərin istehsalını yenidən bərpa etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Netanyahu bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

Jurnalistin İranın ballistik raketlər və nüvə proqramı sahəsində potensialını nə dərəcədə bərpa etdiyi ilə bağlı sualına cavab verən baş nazir bildirib ki, Tehran hər iki istiqamətdə geri salınsa da, yenidən fəaliyyət göstərməyə cəhd edir.

“Biz onları hər iki sahədə ciddi şəkildə geri atmışıq, lakin onlar yenidən cəhd göstərəcəklər”, - deyə Netanyahu qeyd edib.

Onun sözlərinə görə, İranın “Fordo” nüvə obyektinin dağıdılmasından sonra Tehran nüvə proqramını digər obyektlərdə bərpa etməyə çalışır. Baş nazir əlavə edib ki, eyni zamanda ballistik raketlərin istehsalı üzrə obyektin də yenidən fəaliyyətə qaytarılması istiqamətində addımlar atılır və İran bu sahədə artıq istehsala qayıdıb.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb, Tehran isə cavab zərbələri endirib. İyunun 22-də ABŞ münaqişəyə qoşularaq İranın İsfahan, Natanz və Fordo şəhərlərində yerləşən nüvə obyektlərinə zərbələr endirib. Bunun ardınca İran Qətərdə Yaxın Şərqin ən böyük ABŞ hərbi bazası olan Əl-Udeyd aviabazasını hədəfə alıb. İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəs rejiminin qüvvəyə mindiyini elan edib.