BAKI, 31 dekabr. TELEQRAF

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştianu Ronaldo 2025-ci ili rəsmi oyunlarda heç bir het-trik etmədən başa vurub.

Teleqraf xəbər verir ki, bu barədə "Spor" portalı məlumat yayıb.

Bu, Ronaldonun karyerasında 2009-cu ildən bəri ilk belə haldır. Həmin vaxt portuqaliyalı futbolçu İspaniyanın “Real” klubunda çıxış edirdi. Buna baxmayaraq, Ronaldo 2025-ci il ərzində ümumilikdə 41 qol vurub. Onun son qolu Səudiyyə Ərəbistanı çempionatında səfərdə “Əl-İttifaq”la keçirilən və 2:2 hesabı ilə başa çatan oyuna təsadüf edib.

Hazırda 40 yaşlı Kriştianu Ronaldo 5 dəfə Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının ikiqat qalibi, həmçinin milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində ən çox qol vuran futbolçudur.