BAKI, 31 dekabr. TELEQRAF
İsrailin baş naziri Benyamin Netanyahu onun əfv olunması ilə bağlı müraciətinə ölkə prezidenti İsxak Hersoqun hansı qərar verəcəyinin yaxın vaxtlarda məlum olacağını deyib.
Teleqraf xəbər verir ki, Netanyahu bu barədə *Newsmax* telekanalına müsahibəsində danışıb.
“Bunu çox tezliklə öyrənəcəyik”, – deyə İsrail hökumətinin başçısı bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl İsxak Hersoqun Netanyahu ilə bağlı əfv qərarı verəcəyinə əminliyini ifadə etmişdi.
Xatırladaq ki, Benyamin Netanyahu üç korrupsiya işi üzrə ittiham olunur. O, ümumi dəyəri 700 min şekeldən (təxminən 213 min dollar) artıq olan qanunsuz hədiyyələr almaqda, o cümlədən siqar və şampan qəbul etməkdə, media sahəsində tənzimləmələrlə bağlı dələduzluqda və dostlarının maraqları naminə layihələrin irəli çəkilməsi məqsədilə rüşvət almaqda təqsirləndirilir. Qüds və Təl-Əviv məhkəmələrində bu işlər üzrə proses 2020-ci ildən davam edir. Netanyahu ittihamları dəfələrlə rədd edib və 2024-cü ilin dekabrından etibarən məhkəmədə ifadə verməyə başlayıb.
Məlumata görə, noyabrın 30-da prezident İsxak Hersoqun ofisi Netanyahunun vəkili Amit Hadad vasitəsilə rəsmi əfv müraciəti təqdim etdiyini açıqlayıb. Sənəd baxılması üçün İsrailin Ədliyyə Nazirliyinə göndərilib və müvafiq rəy alındıqdan sonra yekun qərar verilməsi üçün yenidən prezidentin ofisinə qaytarılacaq. Dövlət teleradio şirkəti "Kan"ın məlumatına görə, Ədliyyə Nazirliyində bu məsələ ilə bağlı xüsusi qiymətləndirmə prosesi artıq başlanıb.