BAKI, 24 dekabr. TELEQRAF

BAKI, 24 dekabr. TELEQRAF

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Avropa İttifaqı ilə Ermənistan arasında əldə edilən razılaşmaya dair yanaşmalarda əsas ziddiyyətlər nədən ibarətdir?

- Bu razılaşmanın mahiyyəti ilə bağlı ziddiyyətlər çoxdur. Sözsüz ki, bu erməni lobbisinin diktəsi ilə ortaya çıxan bir haldır. Burada Aİ-nin ermənipərəst mövqeyi fonunda danışıqların ikitərəfli formada aparılması və rəsmi İrəvanın yanaşmaları məntiqdən uzaqdır. Yaxşı, fərz edək ki, Aİ bürokratları CEPA (Comprehensive and Enhanced Partnership Agreement, Aİ-Ermənistan arasında bağlanmış saziş), EEAS (European External Action Service- Aİ-nin xarici siyasət və diplomatiya qurumu) və s. sənədlərin hazırlanması zamanı ermənipərəst mövqe nümayiş etdirir və “Dağlıq Qarabağdan olan ermənilərin hüquqlarının müdafiəsi”nə həsr olunmuş bir sıra bəndlərə yer ayırır, TRIPP layihəsini isə unudurlar. Bəs danışıqlarda onların tərəfdaşları olan Ermənistan XİN nümayəndələri də Azərbaycanla danışıqlar üzrə öhdəliklərin nəzərə alınmasını nəzərdə tutan hər hansı təlimat olmadanmı hərəkət edirlər? Yoxsa, onların bir neçə mövqeyi var? Yoxsa, bizi (Azərbaycan tərəfi nəzərdə tutulur-red.) aldatmaq istəyirlər? Əgər, belədirsə bu “manipulyatorlar” özlərinin, onlara elə gələn, “ikili” oyunun mümkün nəticələrini dərk edirlərmi? Buna görə də Zəngəzur “doğma limanına” yəni, əsl sahibinə qayıtmalıdır!

- Sülh müstəvisində rəsmi Bakının fəallığı daha çox önə çıxır. Bunun fonunda İrəvan nə etməlidir?

- Problem də məhz bundadır. Azərbaycan sülh addımları atır. Amma bu addımları fərqli formada təqdim etmək cəhdləri mövcuddur. Rəsmi Bakının bu jestindən sonra Ermənistanın Baş naziri dərhal Rusiya Prezidenti Vladimir Putinə müraciət etdi ki, “biz Gürcüstan ərazisindən daşımalarda çətinlik çəkirik" və s. O, köhnə yolun bərpası ilə bağlı Putindən xahiş edib.

- Bu halda Zəngəzurdan keçəcək dəhlizin açılması sanki bir növ arxa plana keçirilir…

- Məqsəd də budur. Çünki ilk növbədə Zəngəzur dəhlizi açılmalıdır ki, daha sonra digər yollar da istifadə olunsun. Faktiki olaraq, erməni tərəfi Azərbaycanın sülh müstəvisindəki addımlarını başqa cür təqdim etməyə çalışır. Bununla da Azərbaycanın şərtlərini qəbul etmədiklərini bəyan etmək niyyətlərini ortaya qoyurlar. Bununla hətta onu deməyə çalışırlar ki, Zəngəzur dəhlizi onlar üçün ikinci dərəcəli mövzudur.

- Rəsmi İrəvan bu davranışı ilə nə deməyə çalışır?

- Onlar bununla Rusiyaya bir mesaj göndərirlər. Kremlə demək istəyirlər ki, “Zəngəzur yolunu Trampa (ABŞ Prezidenti Donald Tramp) vermək istəmirsinizsə, heç olmasa bu yolu açın”. Söhbət də məhz bundan gedir. Faktiki olaraq, Azərbaycanın sülh təşəbbüslərini fərqli istiqamətə yozurlar. Günlərin birində də deyəcəklər ki, “digər yollar açıqdır. Zəngəzurun məsələsini sonra həll edərik”.

- Bu halda sülh ehtimallarını necə dəyərləndirmək olar? Həqiqətən də gələn ilin yayından sonra tərəflər yekun sülh sənədini imzalaya biləcəkmi?

- Azərbaycanın sülhlə bağlı mövqeyi qarşı tərəfə çatdırılıb. Əgər, Ermənistan tərəfi sülh gündəliyinə sadiqdirsə, bu ilin avqustunda Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentinin, Ermənistanın Baş nazirinin iştirakı ilə əldə edilən razılaşma icra olunmalıdır. Onlar yenə də dolayı yollar axtaracaqlarsa, o cümlədən, həm də buna görə Zəngəzur mövzusu fərqli formada öz həllini tapacaq.