BAKI, 19 dekabr. TELEQRAF
Qazaxıstan hakimiyyəti ölkədə Atom Elektrik Stansiyalarının (AES) tikintisində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) dəstəyinə ümid edir.
Teleqraf xəbər verir ki, Qazaxıstan Atom Enerjisi Agentliyinin sədr müavini Qumar Serqazin və AEBA baş direktorunun müavini Xua Lyu arasında Vyanada keçirilən görüşdə bildirilib.
Görüş zamanı tərəflər Qazaxıstan və AEBA arasında əməkdaşlıq perspektivləri, 2026-2027 və 2028-2029-cu illər üçün texniki əməkdaşlıq proqramları çərçivəsində əməkdaşlıq planlarını müzakirə edib. Qazaxıstan tərəfi həmçinin əməkdaşlıq üçün yol xəritəsinin layihəsini təqdim edib. Layihədə nüvə enerjisinin təhlükəsiz inkişafı, insan resurslarının inkişafı, elm və təhsil infrastrukturu, nüvə təbabətinin genişləndirilmiş istifadəsi və ətraf mühitin mühafizəsi tədbirlərinin həyata keçirilməsini əhatə edən prioritet əməkdaşlıq sahələri müəyyən olunub.