BAKI, 27 oktyabr. TELEQRAF

Ana Vətən Partiyasının qurultayında sədrliyə iddialı olan Elçin Ağamalının Teleqraf-a müsahibəsi:

- Elçin bəy, sədrliyinə iddialı olduğunuz Ana Vətən Partiyasının (AVP) qurultayında baş verənlər heç də birmənalı qarşılanmadı. Proseslərin qurultaya qədər də gərgin olması ilə bağlı iddialar səslənir. Bu barədə nə deyə bilərsiniz?

- Baş verənlər bir çox hallarda ailə məsələsi kimi şərh edilir. Amma olanlar heç də ailə məsələsi kontekstində şərh olunmamalıdır. Bu, siyasi prosesdir. Mən Fəzail Ağamalı ilə mübarizə aparmıram və heç vaxt onu etmərəm. Yayılan görüntülərdən də aydın olur ki, mən qurultay nümayəndələrinin istəyi ilə partiya sədrliyinə namizədliyimi irəli sürmüşəm. Məni dəstəkləyən insanların təklifini geri çevirə bilməzdim. Ona görə biz bu gündən verilmiş siyasi qərar üzərindən hüquqi müstəvidə işlərə başlayacayıq. Qurultayın sənədlərini, protokol və s. bütün materialları yaxın vaxtda Ədliyyə Nazirliyinə təqdim edəcəyik.

- Partiyanın möhürü, ştampı sizdə olmadığı halda sənədləri necə təqdim edəcəksiniz?

- İndiki halda biz sənədləri möhür və ştamp olmadan təqdim edəcəyik. Daha sonra isə möhür və ştampın bizə verilməsi üçün sabiq partiya sədrinə müraciət olunacaq.

- Amma atanız sizinlə razılaşmır və hüquqi müstəvidə məsələnin həllinə çalışacağını deyir...

- Qarşı tərəf əgər özünü haqlı hesab edirsə, hüquqi müstəvidə hər hansı addım atmaq imkanları var.

- Bu halda faktiki olaraq partiyada ikitirəlik, parçalanama yaranacaq?

- AVP-də deputat Günay Ağamalının da tərəfdarları var. Bunu heç kəs inkar etmir. Amma indiki halda partiyada heç bir bölücülükdən söhbət gedə bilməz. Qurultayın qərarı ilə mən sədr seçilmişəm. Ümidliyəm ki, qarşı tərəf gec də olsa, qurultayın qərarına hörmətlə yanaşacaq və nəticələri tanıyacaq.

- Baş verən gərginlikdən sonra Fəzail Ağamalı səhhətində problem yarandığını və oğlu olaraq sizin onunla maraqlanmadığınızı da bildirib. Bu, doğrudurmu?

- Hadisənin səhərisi günü Fəzail müəllimlə telefonla danışmışam. Ailə məsələləri olduğu üçün çox şeyi deyə bilmirəm.

- Günay Ağamalı ilə hər hansı bir təmasınız olubmu?

- Xeyr.

- Qarşı tərəf yəni, Günay Ağamalı sizinlə danışığa cəhd edibmi?

- Belə bir cəhd olmayıb.

- Belə çıxır ki, sizin probleminiz atanızla yox, bacınızladır...

- Mənim nə Fəzail müəllimlə, nə də Günay xanımla heç bir problemim yoxdur.

- Baş verən qalmaqalda kənar faktorların yəni, Ramiz Mehdiyev amilinin olduğu da iddia edilir. Bu iddialara münasibətiniz necədir?

- Bu, çox gülünc yanaşmadır. Ona görə bu suala cavab vermək istəmirəm.

- Azərbaycan siyasi tarixində ilk dəfə idi ki, ata-oğul, bacı-qardaş partiya müstəvisində özünün maraqlarını ortaya qoydu. Bu da sizin ailə üzvlərinizin kontekstində baş verdi...

- Siz bu məsələyə ata-oğul, bacı-qardaş kontekstində yanaşmayın. Mən bütövlükdə məsələnin bu kontekstdə getməsinin əleyhinəyəm. Bu siyasi partiyadır. Fəzail müəllim uzun müddət siyasətlə məşğul olub. Onun övladları olaraq bizlər genetikadan, ya da həvəsdən Fəzail müəllimin yolunu davam etdirmişik və partiyada fəaliyyət göstərmişik. Sözsüz ki, partiya canlı mexanizmdir və burada fərqli fikirlər ola bilər. Sadəcə olaraq, önə iki nəfər çıxıb ki, onların hər ikisi Fəzail müəllimin övladıdır. Hər iki şəxsin AVP-də müəyyən qədər tərəfdaları var. Sadəcə olaraq, qurultayda Fəzail müəllim özündən sonra favorit olaraq Günay Ağamalının sədr olmasını istədi. Amma partiyada bir nəfərin iradəsi ilə qərarlar qəbul olunmadığına görə bu, alınmadı. Qurultayda baxışlar haçalandığı üçün məsələ bu yerə gəlib çıxıb.