BAKI, 25 oktyabr. TELEQRAF

Ana Vətən Partiyasının bu gün keçirilən növbəti qurultayında gərgin anlar yaşanıb. Gərginlik partiya sədri Fəzail Ağamalı ilə oğlu Elçin Ağamalı arasında baş verib.

Məsələ ilə bağlı Teleqraf-a danışan Fəzail Ağamalı qurultayda xoşagəlməz hadisələrin yaşandığını təsdiqləyib:

"Əslində, qurultay gündəlikdə olan məsələlərin normal müzakirəsi ilə başladı. Sədrliyə namizədlərin irəli sürülməsi məsələsində isə ciddi, xoşagəlməz vəziyyət yarandı. Namizəd Elçin Ağamalı tərəfindən digər namizədlərin hüquqları pozulduğuna, qurultayın atmosferi xoşagəlməz istiqamətdə davam etdiyinə görə, qeyri-müəyyən vaxta qədər fasilə elan etdim. Hazırda mən partiyanın sədri olaraq qalıram, istefa vermədiyimə görə, kiminsə o cümlədən Elçin Ağamalının özünü sədr elan etməsi tamamilə əsassızdır. Kiminsə yeni sədr seçilməsi üçün ilk növbədə mənim partiya sədrliyindən istefam səsə qoyulmalı və təsdiq edilməli idi. Elçin Ağamalı özbaşına özünü sədr elan edibsə, getsin görüm necə sədr ola bilər? Sadəcə olaraq mən qurultaydakı çıxışımda özümdən sonra partiyaya Günay Ağamalının sədr olması barədə müsbət fikir söyləmişəm”.

Fəzail Ağamalı qurultayda fasilə elan edildikdən sonra nümayəndələrinin çölə çıxdığını, yalnız Elçin Ağamalının 40-50 nəfərdən ibarət tərəfdarının orada qaldığını söyləyib: “Beləliklə hay-küy yarandı. Bundan sonra Elçin necə sədr seçilə bilər ki? O, belə bir addım atsa, sözsüz ki, istintaq, Azərbaycan qanunları var. Materiallar ortadadır. Əlimizdə video çəkilişlər mövcuddur. Bunlar hamısı ortadadır”.

Sabiq deputat oğlu Elçin Ağamalının öz ambissiyalarını idarə edə bilməyən bir şəxs olduğunu da vurğulayıb: “Son bir neçə ayda o, belə bir davranış sərgiləyir. Bu söhbətlər yarandıqda, mən onun fikirlərini bildim və çalışdım ki, Elçini partiya sədrliyi üçün şanslarının olmadığına inandırım. Çünki 2015-ci ildən sonra o partiya ilə əlaqəsini kəsib”.