BAKI, 22 avqust. TELEQRAF

Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. 17 maddəlik çərçivə razılaşmasında digər siyasi öhdəliklərlə yanaşı tərəflərin bundan sonra bir-birinə qarşı təbliğat aparması da qadağan edilir. Amma inanmırıq ki, ermənilər bundan asanlıqla imtina etsinlər. Hər halda bunun üçün zaman lazım olacaq.

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas deyib.

Onun fikrincə, ermənilər heç vaxt verdikləri sözlərin üstündə dayanmayıblar: “Bu, inandırıcı da deyil. Hansı sözlərinin üzərində durublar ki? Bütün bunlara rəğmən əldə edilən razılaşma hər halda sülhə doğru atılan addımdır. Ermənistan Baş naziri son açıqlamlarında onlara sülh lazım olduğunu deyib. Amma medianın bu məsələdə hansı mövqe tutacağı bəlli deyil. İddia edəcəklər ki, media azaddır, nə istəsə yaza bilər və sair. Bununla ancaq media müstəvisində mübarizə aparılmalıdır. Dövlət hansı jurnalistə, qəzetə deyəcək ki, bu haqda yazma, qadağandır. Bu, mümkün deyil”.

Aqil Abbas Ermənistanda ədəbi mühitdə Azərbaycan, türk düşmənçiliyini təbliğ edən mətnlərin mahiyyətinə də toxunub:

“Azərbaycan cəmiyyətinə bizə qarşı düşmənçiliyi təbliğ edən Zori Balayanın (“Ocaq” kitabı) və digərlərinin adı daha çox tanışdır. Xaçatur Abovyan “Ermənistan yaraları”, Sero Xanzanyan “Mxitar Sparapet” kitablarında Azərbaycan və ümumən türklüyə qarşı nifrət ideologiyasına geniş yer verib.

Sözsüz ki, zərərli və düşmənçiliyi, nifrəti təbliğ edən əsərlərin yazılmasının qarşısı alınmalıdır. Amma ermənilərin bundan tam mənada imtina edəcəyinə inam yoxdur.

Buna baxmayaraq Azərbaycanda ermənilərə qarşı nifrəti təbliğ edən ədəbi, bədii mətnlər yazılmır. Çünki biz böyük xalqıq. Böyük millətlərin kiçik millətlərə qarşı mübarizəyə marağı olmur”.