BAKI, 20 iyul. TELEQRAF
"Dünyada müxtəlif formatlarda media forumları keçirilir. Şuşa Qlobal Media Forumunu spesifik edən əsas məqam Azərbaycan Prezidenti İlham Əliyevin hər dəfə orada iştirak edib, jurnalistlərin açıq suallarını cavablandırmasıdır".
Bunu Teleqraf-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, bu dəfə də eyni hal təkrarlanıb və İlham Əliyevin jurnalistlərlə səmimi söhbəti baş tutub.
"Prezidentimiz 3 saata yaxın müddətdə forumda iştirak edən dünyanın hər tərəfindən gəlmiş jurnalistlərin istənilən suallarını cavablandırdı və bu, tədbirin əhəmiyyətini kifayət qədər böyütdü. Cənab Prezidentin forumda verdiyi mesajlar dünyanın bütün media qurumlarında səslənir və böyük rəğbətlə qarşılanır".

M.Ələsgərli qeyd edib ki, məsələnin ikinci tərəfi isə forumda müzakirə olunan media problemləri, media çağırışlarının aktuallığıdır:
"Diqqət etsək görərik ki, III Şuşa Qlobal Media Forumunda medianın qlobal çağırışları, ən mühüm məsələləri müzakirəyə çıxarılır. Bu baxımdan süni intellektin mediaya təsirləri və süni intellekt dövründə peşəkar medianın dayanıqlılığının möhkəmlənməsi kifayət qədər əhəmiyyətlidir.
Beləliklə, Şuşadakı forum dünyada media çağırışlarının müzakirə olunduğu xüsusi platformaya çevrilə bilib və brend olaraq məşhurlaşır. Bu baxımdan deyə bilərik ki, forum yüksək səviyyədə keçirilir və mediamız üçün kifayət qədər faydalıdır", - o qeyd edib.