BAKI, 2 iyul. TELEQRAF
“Azərbaycan” qəzetinin 8 may 1919-cu il tarixli 175-ci sayında Üzeyir bəy Hacıbəylinin “Bayrağımız sarsılmaz” adlı məqaləsi dərc olunub. Yazısında Üzeyir bəy bir ildir ki müstəqil olan dövlətimizə göz dikənlərə qarşı bu şəkildə meydan oxuyub: “Müzəffər bayrağımızı möhkəm tutmuş olan müqəddəs əllərin getdikcə artmaqda olan qüdrət və qüvvəti zalım düşmənlərimizin namərd belini sındırmaq və alçaq başlarını əydirmək üzrədir. O xain gözlər, qara qəlblər, namərd bellər və alçaq başların sahibləri əzab çəkirlər. Ruhları inciyir, bədənləri ağrıyır. Vicdan əzabı altında haqq qapısında sürünən iblis kimi, müqəddəs bayrağımız qabağında əzilib-büzülür və bu bayrağı qapmaq, ağacını sınıq-sınıq və parçasını para-para etmək üçün bayraqdar üzərinə cummaq və soxulmaq istəyirlər... Əbəs zəhmət! O ağac sınmaz, o nur sönməz, o əl dönməz! Çünki bayrağımız haqq bayrağıdır. Zülüm və əsarətin yoğun zincirlərini qırıq-qırıq etməyə qadir olmuş bir millətin haqq və hürriyyət bayrağı enməz, sarsılmaz!”
Bayrağımıza göz tikən, artmaqda olan qüdrət və qüvvətimizə qarşı çıxan isə hər zaman eyni idi: Rusiya. O Rusiya ki, Pyotrdan etibarən hansı rəngdə, hansı idarəçilikdə olmasından asılı olmayaraq tək hədəfi Qafqaz xalqlarını boyunduruq altına salmaqdı. İki yüz il ərzində müxtəlif şəkildə bunu bacarsa da, Qafqaz xalqlarının azadlıq uğrundakı mübarizəsinin qarşısını ala bilmədi, bu gün Cənubi Qafqazda müstəqil dövlətlər mövcuddur, şimali qafqaz xalqları isə öz hüquq və azadlıqları uğrunda mübarizə aparırlar. İşğalçılıq, qeyri-rus xalqlara qarşı irqçi siyasəti XXI əsrdə də davam etdirən Rusiyanın keçmişinə nəzər salaraq bugünkü qeyri-insani münasibətlərini başa düşə bilərik.
Pyotrdan başlanan işğalçılıq
1722-1723-cü illərdə Səfəvi dövlətinin zəifləməsindən istifadə edən rus çarı Pyotr Xəzər dənizi hövzəsinə göz dikərək genişləmə siyasətinə başladı. Xəzər dənizi və limanlarını ələ keçirmək istəyən Rusiya 22 min nəfərlik ordu ilə 1722-ci ilin iyun ayında hücuma keçərək Dərbəndi tutdu. 1723-cü ilin iyulunda Bakı limanı, ardınca Salyan və Lənkəranı işğal edərək Cənubi Qafqazda möhkəmləndi. Səfəvi dövləti məcbur olub 1723-cü ildə Peterburq müqaviləsini imzaladı, rusların ilhaq etdikləri torpaqları tanıdı. Ardınca Osmanlı dövləti ilə bağladığı müqavilə ilə Pyotr Azərbaycanın mühüm ərazilərini müstəmləkə altında saxladı. Bu işğal 1735-ci ildə imzalanan Gəncə müqaviləsinədək davam etdi. Nadir xan Əfşarın sayəsində ruslar Cənubi Qafqazdan qovuldular.

1736-cı ildə Nadirin Muğan qurultayı ilə özünü şah elan etməsindən sonra Azərbaycan tarixinin parlaq dövrlərindən biri başladı, təkcə Rusiya deyil, Osmanlı dövləti də ölkə ərazisindən çıxarıldı. Lakin 1747-ci ildə onun öldürülməsindən sonra imperiyası dağıldı, Azərbaycan ərazilərində müxtəlif kiçik feodal dövlətlər olan xanlıqlar formalaşdı. Yaranmış bu vəziyyətdən istifadə edən çariça II Yekaterina 1783-cü ildə Krım xanlığını işğal etdikdən sonra üzünü Cənubi Qafqaza tutmaq istəsə də, Ağa Məhəmməd şah Qacarın 1795-ci ildəki hərəkatı bu yürüşün qarşısını aldı. Lakin Rusiyanın Cənubi Qafqaza olan iddiaları Qacar şahının öldürülməsi, eləcə də Rusiyada I Aleksandrın taxta oturmasından sonra daha kəskin hal almağa başladı. Hələ atası Pavelin dövründə Gürcüstan işğal edildiyi üçün yeni çar həmin ərazilərdə tam şəkildə möhkəmləndi, nəticədə Azərbaycan xanlıqlarının taleyi də həll olunmağa başlandı. Ruslar 1803-cü ildə Car-Balakən bölgəsini ələ keçirdilər. 1804-cü ildə isə ən mühüm xanlıq olan Gəncənin üzərinə yürüş etdilər. Gəncə qalası uğrunda döyüşlərdə Cavad xan və oğlu Hüseynqulu xan qəhrəmancasına şəhid oldular.
Təəssüf ki, Azərbaycanın ən güclü xanlıqlarından biri olan Gəncənin işğalı ilə Rusiyanın yürüşləri daha da sürətləndi. Nəticədə 1805-ci ildə Qarabağ, Şəki və Şirvan xanlıqları müqavilələr vasitəsi ilə Rusiyaya ilhaq olundu, 1806-cı ildə Dərbənd, Quba və Bakı xanlıqları tutuldu. Azərbaycan xalqı bu işğalların qisası olaraq Bakıda general Sisianova layiqli cəzasını verdi. Lakin Pyotrun vaxtından etibarən Azərbaycana göz dikən ruslar işğalları davam etdirərək 1813-cü ildə Talış xanlığını da ələ keçirdilər. 1813-cü il oktyabrın 12-də Qacar dövləti ilə imzalanmış Gülüstan müqaviləsi nəticəsində İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edildi.
Çar I Nikolayın hakimiyyəti dövründə isə 1827-ci ilin iyun-avqust aylarında Naxçıvan xanlığı, oktyabrda isə İrəvan xanlığı işğal olundu. 1828-ci il fevralın 10-da Rusiya ilə Qacar dövləti arasında imzalanan Türkmənçay müqaviləsi ilə bu xanlıqlar da Rusiyaya birləşdirildi. Rusiya indiki Şimali Azərbaycanı tamamilə işğal etmiş oldu. Bu işğallar nəticəsində təkcə ərazilərimizi itirmədik, eyni zamanda həm bu müqavilə, həm də Ədirnə müqaviləsi ilə ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi başlandı və bununla da Cənubi Qafqazın başına bəla olan erməni məsələsi 2020-ci ilədək davam etdi.
Azərbaycan xalqı Rusiya işğalı ilə heç bir zaman barışmadı. 1831-ci ildə Car-Balakən və Talış bölgəsində, 1837-ci ildə isə Qubada üsyanlar baş verdi. Eləcə də bu illərdə Dağıstan xalqları da Rusiyaya qarşı mücadilə apardılar. Azərbaycanda rus işğalı 1918-ci ilədək davam etdi. Bu müstəmləkə illərində Azərbaycan xalqı böyük faciələrlə üzləşdi. Ermənilərin bölgəyə köçürülməsindən sonra başlanan 1905-1906-cı il hadisələrində xeyli insanımız şəhid oldu. 31 mart 1918-ci ildə Leninin göstərişi ilə Bakıda hakimiyyəti ələ almış Stepan Şaumyan 14 min azərbaycanlını soyqırımına məruz qoydu. Bütün bunlar rus işğalının nəticələri idi.
İlk respublikamızın işğalı
XX əsrin əvvəllərində Azərbaycan ziyalıları, ictimai-siyasi xadimləri geniş maarifçilik və təşkilatlanma hərəkatına başladılar. I Dünya müharibəsindən sonra yaranan şərtlər daxilində azərbaycanlı liderlər əvvəlcə ərazi muxtariyyəti tələb etdilər, 28 may 1918-ci ildə isə müsəlman şərqindəki ilk respublikanı qurdular. Azərbaycan Cümhuriyyəti 23 ay ərzində ölkədə yaşayan bütün xalqların, eləcə də rus əhalinin respublikası oldu, onların bütün hüquq və azadlıqlarını qorudu. Parlamentdə digər xalqlarla birgə rusların da təmsilçiləri yer aldı. Azərbaycan bu dövrdə Rusiyadakı daxili proseslərdən özünü uzaq tutdu, qarışmamağa, tərəf olmamağa çalışdı. Lakin Bakı neftində gözü olan bolşevik Rusiyası qısa zamanda növbəti dəfə öz çirkin planlarını işə saldı.
1920-ci ilin yazında Azərbaycan Cümhuriyyəti regionda baş verən siyasi və hərbi proseslərin təsiri ilə öz mövcudluğunun ən həlledici dövrünü yaşayırdı. Cümhuriyyətin süqutuna aparan əsas səbəblərdən biri, Sovet Rusiyasının Cənubi Qafqaz siyasətində genişlənmək arzusu və Azərbaycanın geostrateji mövqeyinin bu planlara maneə olması idi.

Azərbaycan Cümhuriyyəti dövlət quruculuğu sahəsində mühüm işlər görsə də, Osmanlı dövlətinin Birinci Dünya müharibəsində yenilməsi və ordusunu Qafqazdan çəkməyə məcbur olması, onlardan sonra müttəfiq orduların Bakıya gəlişi və hakimiyyəti xeyli dərəcədə qəsb etməsi, Denikinin Rusiyada qalib olacağına ümid bəsləyən Antantanın Cənubi Qafqaz cümhuriyyətlərinə hərbi yardım göstərməməsi, Gürcüstan və Azərbaycanın hərbi qüvvələrini Rusiya müdaxiləsi təhlükəsinə qarşı uğursuz əlaqələndirilməsi, ermənilərin Qarabağda Rusiyanın sifarişi ilə qiyam qaldırması, istiqlal savaşı aparan Türkiyənin Sovet Rusiyası ilə sıx əlaqələr qurması, Məclisi-Məbusanda və hökumətdə Rusiyanın təhriki ilə müxalifətin pozuculuqla məşğul olması və b. amillər Cümhuriyyəti ağır vəziyyətə salırdı.
Moskvanın istəyinə uyğun olaraq ermənilər 1920-ci il martın 22-də Novruz bayramı gecəsi Xankəndindəki Azərbaycan ordusu hissələrinə hücum etdilər. Bundan sonra onlar bütün Qarabağda, Naxçıvan və Ordubadda Azərbaycan əleyhinə qiyam qaldırdılar. Qazaxda da hakimiyyət əleyhinə çıxışlar baş verdi. Azərbaycan ordusunun başlıca qüvvələri erməni qiyamını yatırtmağa göndərildi. Bakıda hakimiyyət binalarını qoruyan cəmi 2 minlik qüvvə qaldı.
XI ordu aprelin 26-da artıq Azərbaycan sərhədlərini keçərək 27 apreldə Quba və Qusarı işğal etdi. Həmin gün səhər tezdən bolşeviklərin silahlı dəstələri həm Bakı şəhəri daxilində, həm də onun kənarlarında 10 mühüm obyekti: dəmiryol vağzalı, poçt, teleqraf, radiostansiya, polis məntəqələri, iri neft mədənləri və sənaye müəssisələri, hərbi və ticarət limanı və b. yerləri ələ keçirdilər. Bakının şimal sərhədi və Gəncə arasında telefon və teleqraf əlaqəsi kəsildi, bu da hökumətin əyalətlərdəki özünə sadiq hərbi hissələri vaxtında köməyə çağırmasına imkan vermədi.
İşğal əməliyyatında Xəzər hərbi donanması önəmli rol oynadı. Donanma gəmilərinin heyəti bu dönəmdə bolşeviklərdən və onlara rəğbət bəsləyən matroslardan ibarət idi. Hakimiyyəti 2 saat ərzində hələ mövcud olmayan Azərbaycan Sovet hökumətinə təhvil vermək ultimatumu göndərən hərbi gəmilər sahildə düzülərək öz toplarını hökumət binalarına tuşladılar. Nəticədə, 27 aprel 1920-ci il axşam saat 11:00-da parlament əksəriyyət səslə hakimiyyətin müəyyən şərtlərlə bolşeviklərə təhvil verilməsini qəbul etdi. Bununla da ilk respublikamız işğal edildi. Ruslar vədlərinə əməl etməyərək Azərbaycan hökumət və ordu rəhbərliyinə qarşı qətliama başladılar. Baş nazir Nəsib bəy Yusifbəyli, general Əbdülhəmid Qaytabaşı, general Həbib bəy Səlimov kimi böyük şəxsiyyətlər öldürüldü. Azərbaycan ordusunda xidmət etmiş qeyri-türk müsəlmanlar da qətlə yetirildilər. Onlardan biri olan general Sulkeviçin son günləri ilə bağlı bir xatirədə yazılıb: “Çekistlər gəlib generala onlarla birlikdə getməli olduğunu dedilər. Başa düşdük ki, artıq onun həyatının sonu çatıb. Son təsəlli üçün ürək-dirək verməyə bir söz tapa bilmirdik. Amma bu məqamda general özü bizi qabaqladı. Sakit və hökmlü səslə yaddaşıma əbədi həkk olunmuş bu sözləri dedi: – Fəxr edirəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm. Əlvida!”
Ardınca Azərbaycan hökumətinin ikinci Baş naziri Fətəli xan Xoyski, parlament sədrinin müavini Həsən bəy Ağayev Tiflisdə öldürüldülər. Rus işğalı nəticəsində yüzlərlə azərbaycanlı Nargin adasında güllələndi, Solovki adasına – buzlu cəhənnəmə sürgün edildi.
1920-ci ilin mayında Gəncədə ruslara qarşı böyük bir dirəniş hərəkatı başladı. Üsyanı qan içində boğan bolşeviklər 10 minə yaxın insanı qətlə yetirdilər.
Böyük terror dövrü: 1920-1953-cü illər
1920-1953-cü illər Azərbaycan tarixinin ən faciəvi dövrlərindən biridir. İlk respublikamızın işğalından sonra ruslar milli olan hər bir qüvvənin məhvinə yönəlik siyasət hazırladılar. Təsadüfi deyil ki, 1930-1933-cü illərdə Az.SSR XDİK-nin sədri vəzifəsində işləyən Frinovski Mixail Petroviç Moskvaya göndərdiyi məruzəsində göstərirdi ki, Qafqazda ən çox repressiyalara məruz qalan azərbaycanlılar olub. Dövrün tədqiqatçısı, mərhum tarixçi Cəlal Qasımovun yazdığına görə, bu dövrdə azərbaycanlılar banditizmdə, əksinqilaçılıqda, antisovet təbliğatı aparmaqda, millətçilikdə, pantürkçülükdə, panislamçılıqda və sairdə suçlandırılaraq qətlə yetirilmişlər. Güllələnənlər arasında 15 yaşından 95 yaşına qədər olan adamlar vardı.
Repressiya illərində Moskvanın terror yolu ilə məhv etmək istədiyi şəxslər bu kateqoriyaya aid idilər: ictimai-siyasi xadimlər, yazıçılar, şairlər, müəllimlər, din xadimləri, hərbçilər, mülkədarlar. Yəni xalqın önündə dayana biləcək, onları işğala qarşı təşkilatlandıra biləcək şəxslər.

SSRİ rəhbərliyi imperiya ərazisində total şəkildə bu prosesi həyata keçirdi, ümumilikdə 1921-1953-cü illərdə 25-26 milyon insan repressiyaya məruz qaldı. 17 milyon insan QULAQ-da sürgün həyatı yaşadı, onlardan onda biri elə orada həlak oldu. Azərbaycanda da minlərlə insan bu aqibətə tuş gəldi, XX əsrin əvvəllərində formalaşmış ziyalı nəsil, demək olar ki, yox edildi. Hüseyn Cavid, Yusif Vəzir, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz kimi simalar bu illərdə öldürüldülər.
Rus və ermənilərin 15 dəqiqə ərzində keçirdikləri qondarma məhkəmələrlə Ziya Bünyadovun araşdırmalarına görə 70-80 min ziyalı azərbaycanlı məhv edilib. Cümhuriyyətin xaricdə təhsil üçün göndərdiyi tələbələrin də əksəriyyəti bu illərdə qətlə yetirilib. Böyük terror dövründə SSRİ-də yaşayan bütün türk və müsəlman xalqları bu bəlalara məruz qalıb. Hətta II Dünya müharibəsində 600 min azərbaycanlı cəbhəyə göndərilib, bu say o dövrdəki Azərbaycan əhalisinin sayı ilə müqayisə edildikdə olduqca faciəvi bir haldır. Böyük terror dövrü o qədər dəhşətli idi ki, hətta Azərbaycan xalqına xəyanət edərək bolşevik rusların yanında yer alan Həmid Sultanov, Çingiz İldırım kimi şəxsləri də məngənəsində yox edib. Bütün bu faciələr Stalin-Beriya cütlüyünün və onların Azərbaycandakı əlaltılarının təşəbbüsü ilə həyata keçirilib. Təsadüfi deyil ki, Beriya “Pravda” qəzetinin 19 avqust 1936-cı il tarixli sayında “Sosializm düşmənlərinin külünü göyə sovurmalı” adlı məqaləsində yazırdı: “Son vaxtlar partiya dokumentlərinin yoxlanışı və dəyişdirilməsi zamanı Zaqafqaziyada ayrı-ayrı kontrrevolüsion trotskiçi-zinovyevçi qruplar meydana çıxarılmış və ifşa edilmişdir... Öz məqsədləri və mübarizə vasitələrində kontrrevolüsioner trotskiçilər-zinovyevçilər Zaqafqaziya respublikalarından bayıra atılmış menşevik, daşnak, müsavatçı ağqvardiyaçılarla və onların gizlin agenturası ilə nəinki uzlaşmışlar, hətta Zaqafqaziya respublikalarında sosializmin qələbələrinə qarşı onların apardığı mübarizəyə başçılıq edərək onların təşkiledici qüvvəsi olmuşdular... Zaqafqaziya bolşevikləri bütün partiya ilə birlikdə irəliləyişli sayıqlığı daha yüksəldəcək və ikiüzlülərə, alçaq xainlərə və xəyanətkar kontrrevolüsioner trotskiçi-zinovyevçilərə və onların köməkçilərinə qarşı amansız mübarizəni qüvvətləndirib, sosializm düşmənlərinin külünü göyə sovuracaqlar...”
Bu məhvetmə zehniyyəti SSRİ-nin son günlərinə qədər davam etdi. Macarıstan və Çexiyadan sonra 1990-cı ilin 19 yanvarından 20 yanvarına keçən gecə tanklarla günahsız insanların üstünə yürüyərək yüzdən çox insanı öldürən Rusiya Azərbaycanda başlanan milli azadlıq hərəkatını boğmaq istəyirdi. Bunu bacara bilmədiyi üçün yenidən Qarabağda erməni kartını işə salaraq Xocalı soyqırmının törədilməsində iştirak etdi. Rusiyanın təzyiqi nəticəsində ermənilər 30 ilə yaxın müddətdə torpaqlarımızı işğalda saxlaya bildilər.
Rusiyanın qürubu və son çırpınışları
SSRİ-nin dağılmasından sonra Rusiya heç bir vəchlə müstəmləklərinin itirilməsi ilə razılaşa bilmədi. Qarabağ münaqişəsi ilə Ermənistan və Azərbaycanı əldə tutmağa, eləcə də digər vasitələrlə Gürcüstanı, Moldoviyanı, Orta Asiya respublikalarını nəzarətdə saxlamağa çalışdı. Bu müddətdə Moskva rəhbərliyi müxtəlif şantajçıları vasitəsilə Azərbaycan əleyhinə hədyanlar söyləməyə başladılar. Kremlə boyun əymədiyimiz üçün paytaxtımızda metro partlayışları oldu, II Qarabağ müharibəsi dövründə ermənilərə hərbi dəstək verildi, hətta Azərbaycan ərazisinə İskəndər raketi də atıldı.

Bütün bunlara boyun əyməyən Azərbaycan xalqı ərazi bütövlüyünü bərpa etdikdən sonra daha da müstəqil siyasət yeritməyə başladı. Görünür, Ukraynanı ələ keçirə bilməyən Rusiya Cənubi Qafqazın da tam şəkildə onun təsir dairəsindən çıxmasına görə qəzəblidir və soydaşlarımıza, diaspora təmsilçilərimizə qarşı edilən son vəhşiliklər də bununla bağlıdır. İmperiya xiffəti çəkən Rusiya siyasi dairələri unudurlar ki, iki yüz il ərzində türklərə, çərkəzlərə və digər müsəlman xalqlara etdiyi zülmə baxmayaraq bu xalqların heç biri boyun əyməyib. Ya imperiya daxilində gizli, ya da ki mühacirətdə açıq şəkildə istiqlal mübarizəsi aparıblar. Çərkəz xalqını sürgün etsələr də, bu gün dünyanın müxtəlif bölgələrində yaşayan çərkəzlər aktiv şəkildə Rusiyaya qarşı mübarizədədirlər. Məhəmmədəmin Rəsulzadə haqlı olaraq yazırdı ki, “Rusiya kiçilib öz tarixi torpaqlarına sığınmayanadək dünya xalqlarına rahatlıq yoxdur”. Tarixi türk torpaqlarında qurulan Rusiya imperiyası bu gün qürubunu yaşayır və son çırpınışları da buna görədir.