BAKI, 21 iyun. TELEQRAF

"İran diplomatik danışıqlarda ABŞ-yə etibar etməkdə tərəddüd edir".

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İsveçrənin Cenevrə şəhərində avropalı yüksək vəzifəli şəxslərlə keçirdiyi görüşlərdən sonra bildirib.

O qeyd edib ki, ABŞ İsrailin ölkəsinə qarşı hücumları ilə başlayan gərginliyi diplomatik yolla həll etməkdə maraqlı deyil: “Artıq onlara necə etibar edə biləcəyimizi bilmirik".

Əraqçi bildirib ki, ABŞ diplomatik həllə maraq göstərmir, nüvə danışıqlarını İsrailin hava hücumlarını ört-basdır etmək üçün bir vasitəyə çevirib: “Artıq onlara necə etibar edəcəyimizi bilmirik. Onların hərəkəti diplomatiyaya xəyanətdir. İran danışıqlara hazırdır, lakin bunun üçün İsrailin hava hücumlarının dayandırılması şərtdir".

ABŞ Prezidenti Donald Trampın İranın uranın zənginləşdirilməsindən imtina etməsi ilə bağlı tələbini yerinə yetirə bilməyəcəklərini bildirən Əraqçi hər bir ölkənin sülh məqsədli nüvə proqramı çərçivəsində uranı zənginləşdirmək hüququna sahib olduğunu qeyd edib.

O əlavə edib ki, uranın zənginləşdirilməsindən tamamilə imtina etməyəcəklərini Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkofa dəfələrlə çatdırıb.

Əraqçi bəyan edib ki, Donald Tramp İrana qarşı hərbi müdaxilə qərarı verəcəyi halda, İran özünü müdafiə hüququndan istifadə edəcək: "İsrailə necə cavab verilibsə, ABŞ-yə də eyni şəkildə cavab veriləcək".