
LAÇIN, 20 iyun. TELEQRAF
"Laçın çox gözəl bir şəhərdir. Buranın dağlarına vurğunam, yaşıllıqlarını sevirəm və burada çox qısa müddət ərzində görülən işlər məni heyran etdi".
Bunu Teleqraf-a açıqlamasında Dünya Bankının Azərbaycan üzrə meneceri Stefanie Stalmeister deyib.
“Az öncə Laçının dirçəlişi və onun bərpası ilə bağlı izlədiyimiz filmdən həqiqətən çox təsirləndim. “Yurd” qalereyasında tanış olduğumuz xalçalar çox xoşuma gəldi, onlar olduqca gözəldirlər”.
Dünya Bankının rəsmisi nə zamansa Qarabağ xalçalarından almaq istədiyini bildirib:
“Ümid edirəm, bir gün mən də bu xalçalardan birini ala bilərəm. Bu, həm də bu yerin mədəni irsini nümayiş etdirir və həmin irsin qorunub bərpa edildiyini görmək çox sevindiricidir”.
Qeyd edək ki, səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər, ümumilikdə 100-ə yaxın diplomat iştirak edir.
Nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Diplomatik korpusun nümayəndələri iyunun 21-i isə Şuşa və Ağdama gedəcəklər.