BAKI, 3 may. TELEQRAF
“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etmək üçün hər cür səy göstərməyə hazırıq”.
Teleqraf xəəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin 168.am saytına müsahibəsində bildirib.
Səfir deyib: “Rusiya tərəfi sülh müqaviləsinin mətni üzrə razılaşmanın tamamlanmasını alqışlayıb. Barışıq prosesinin irəliləməsinə və qalan mübahisəli məsələlərin tərəflərin özlərinin tələb edəcəyi forma və həcmdə həllinə kömək etməyə hazırıq.
Bizə heç nə icad etmək lazım deyil. Rusiya, Ermənistan və Azərbaycan arasında ən yüksək səviyyədə qarşılıqlı fəaliyyət formatı mövcuddur. Rusiya tərəfi dəfələrlə bildirib ki, Cənubi Qafqazın taleyini və gələcəyini region ölkələri və onların qonşuları müəyyən etməlidir.
Bu anlayışa uyğun hərəkət edərək, biz “3+3” regional əməkdaşlıq platformasının (bir tərəfdən Azərbaycan, Ermənistan, Gürcüstan, digər tərəfdən Rusiya, İran, Türkiyə) yaradılmasına fəal töhfə vermişik. Artıq xarici işlər nazirləri səviyyəsində iki görüş baş tutub.
Gürcülər hələ də diqqətlə baxırlar, lakin onlara məlumat verilib ki, bütün iştirakçılar danışıqlar masası arxasında onları gözləyirlər. Növbəti görüşlər tərəflərin özlərinin müəyyən etdiyi qaydada İrəvan və Bakıda baş tutacaq. Eyni dairədə, lazımi şərtlər yetişdikcə, regional təhlükəsizlik məsələlərini müzakirə etmək tamamilə mümkündür”.