BAKI, 15 aprel. TELEQRAF
Ermənistan istisna olmaqla, Azərbaycanın qonşuları ilə yaxşı münasibətləri var. Ən yaxın etibarlı qonşuluq və tərəfdaşlıq isə Gürcüstanla mövcuddur. Bu mənada Gürcüstan Prezidenti Mixail Kavelaşvili yüksək vəzifəyə seçildikdən sonra ilk rəsmi xarici səfərini Azərbaycana etdi. Yanvarda isə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilk xarici səfərini Bakıya etmişdi. Gürcüstanın baş naziri COP29 üçün Bakıya səfər etsə də, yanvar səfəri onun oktyabr seçkilərindən sonra xaricə ilk rəsmi səfəri idi. Bu amil iki qonşu ölkə arasında münasibətlərin xarakterini nümayiş etdirir.
Bu sözləri Teleqraf-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Professor bildirib ki, Azərbaycan Gürcüstana mühüm strateji tərəfdaşlarından və sadiq dostlarından biri kimi baxır: “Prezident İlham Əliyev gürcüstanlı həmkarı ilə görüşdən sonra mətbuata açıqlamasında bildirdi ki: "Əsrlər boyu xalqlarımız sülh, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıb və indi də belədir. Dövlətlərarası əlaqələr yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan həm ölkələrimiz, xalqlarımız, həm də daha geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edən bir çox mühüm layihələri birgə həyata keçiriblər. Təbii ki, siyasi əlaqələr inkişaf edir. Yüksək səviyyəli təmaslar müntəzəmdir, bu, siyasi dialoqun fəal olması deməkdir, bu, iki ölkənin dostluq sözüdür”. Bütün bunlar onu göstərir ki, Azərbaycanla Gürcüstan arasında münasibətlər konkret nəticələri olan fəaliyyətlərlə ifadə olunur. Ölkələrimizi qırılmaz yaxınlıq, qarşılıqlı maraqlar və ən əsası, qarşılıqlı etimad bağlayır. Qarşılıqlı inam olmayan yerdə təkcə regionumuzun deyil, daha geniş coğrafiyanın maraqlarının da iştirak etdiyi belə irimiqyaslı layihələrdə uğur gözləmək mümkün deyil. Prezident İlham Əliyevin bəyanatında qeyd etdiyi kimi, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat-kommunikasiya layihələri həqiqətən də çox böyük əhəmiyyət kəsb edir və həm Cənubi Qafqazın, həm də Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən cızır. Eyni zamanda Avropanın enerji təhlükəsizliyi Azərbaycan və Gürcüstansız mümkün deyil. Azərbaycan təbii qazı Gürcüstan vasitəsilə Avropaya ixrac edir. Regionun əsas ixrac boru kəməri də Azərbaycan neftini Gürcüstan vasitəsilə alıcılara çatdırır və ölkələrimizi də Orta Dəhliz birləşdirir”.

Deputat Mixail Kavelaşvilinin də bəyanatında ölkəsinin Azərbaycanla bütün sahələrdə inkişaf edən əlaqələrinin mahiyyətinə toxunduğunu bildirib: “Azərbaycan və Gürcüstan beynəlxalq strukturlarda həmişə bir-birini dəstəkləyiblər. Ölkərimizin nəinki ümumi maraqları, hətta uzun illərdir oxşar problemləri mövcuddur. Ərazi bütövlüyü mövzusu ölkələrimizi daha da möhkəm birləşdirib. Azərbaycan Gürcüstanın ən çətin anlarında yanında olub, geosiyasi risklərə baxmayaraq, dəfələrlə çətin vəziyyətlərdə yardım eedib. Avropa İttifaqı və bəzi beynəlxalq təşkilatların Gürcüstanı regional layihələrdən sıxışdırıb çıxarmaqla, Ermənistanla əvəzləməklə, itaətsizliyinə görə cəzalandırmaq istəyinə diqqət çəkən Kavelaşvili Azərbaycanın bir dost kimi onların yanında olduğunu qeyd edib. Bu bir reallıqdır ki, Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən əsas regiondur. Azərbaycan-Gürcüstanın bu mənada əlaqəsi əvəzolunmazdır. Və buna görə də, Bakı ilə Tbilisi arasında məhsuldar dialoq təkcə ölkələrimiz üçün deyil, həm də bu və ya digər şəkildə əməkdaşlıqda maraqlı olan hər kəs üçün vacibdir”.

Hicran Hüseynova hesab edir ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, rifahın və inkişafın dayaq nöqtələridir: “Bu iki ölkə regionun ənənəvi ailə dəyərlərini, milli mədəniyyətini, ləyaqətini və tarixi irsini qoruyub saxlayır. Liderlərin və xalqlarımızın müdrikliyi bizə regionu yad dəyərlərdən və dağıdıcı meyllərdən qorumağa imkan verir. Bu da çox vacibdir. Azərbaycan liderinin ADA Universitetində keçirilən həmin forumda dediyi kimi, "biz faktiki olaraq Cənubi Qafqaz regionunu strateji əhəmiyyətli regiona çevirə bilmişik. Bu, bizim xidmətlərimizdir - Gürcüstan və Azərbaycanın xidmətləridir".