BAKI, 24 mart. TELEQRAF

ReAl Partiyasının sədri, politoloq Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Natiq bəy, Azərbaycanla Ermənistan arasında sülh sazişi mətni üzərində bütün müddəalar razılaşdırıldıqdan sonra yeni tələblərin irəli sürüldüyü iddia edilir. Bu tələblər nədən ibarətdir?

- Yeni tələblər heç də sülh sazişi ilə əlaqəli deyil. Bu heç də yekun sülh sazişi demək deyil. İlkin olaraq tərəflər arasında çərçivə razılaşmasının imzalanması ehtimalı var. Ermənistan konstitusiyasında Azərbaycana iddiaların aradan qaldırılması isə əlavə protokolda öhdəlik kimi İrəvanın üzərinə qoyula bilər. 2027-ci ilə qədər isə Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı referendumun keçiriləcəyi ilə bağlı açıqlamalar verilir. ATƏT-in Minsk Qrupundan imtina və beynəlxalq məhkəmələrdən qarşılıqlı olaraq iddiaların geri çəkilməsi rəsmi Bakı tərəfindən irəli sürülmüşdü. Bu daha çox gələcəkdə ölkələr arasında münasibətlərə əngəl yaratmamaq üçün edilən təşəbbüsdür. Demək olar ki, bu iki məsələ ilə bağlı tərəflər arasında ümumi razılıq var. Digər tələb isə sülh müqaviləsindən kənar da olsa, üçüncü ölkələrin nümayəndələrinin sərhəddə yerləşdirilməməsi ilə bağlı idi. Söhbət Avropa İttifaqının Ermənistan tərəfindən şərti sərhədə gətirilmiş xüsusi “missiyası"ndan gedir. Amma İrəvan iddia edir ki, Bakı ilə razılaşma əldə olunduqdan sonra “missiya”nın sərhəddən çəkilməsi mümkün olacaq.

- Daha çox İrəvan tərəfindən sülh sənədinin harada imzalanması ilə bağlı iddialar səslənir. Yer və zamanla bağlı tərəflərin seçimi necə ola bilər?

- Çərçivə sazişinin harada imzalanması da olduqca önəmlidir. Son günlər isə rəsmi Moskva razılaşmanın onun moderatorluğu ilə imzalanmasına israr edir. Kreml bu məsələdə rol almaqda çox maraqlıdır. Ağ Ev də bu məsələdə istəkli görünür. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun açıqlamaları buna işarə edir. Hazır müqavilənin məhz onların moderatorluğu ilə imzalanması mümkündür. “Müəyyən bölgələrə sülh gətirəcəm” mesajı verən Tramp üçün bu əlavə dividend olardı.

- Burada əsas düyün nöqtəsi nədən ibarətdir?

- Azərbaycan və Ermənistan tərəfi çərçivə sülh sazişini harada və necə imzalanması, prosedurların hansı formada həyata keçirilməsi ilə bağlı ictimaiyyətə açıqlanmayan danışıqların davam etməsi ehtimalı böyükdür. Bu məsələ həllini tapdıqdan sonra çərçivə sazişinin imzalanması mümkün olacaq.

- Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialara, eləcə də keçmiş münaqişənin qalıqları olan ATƏT-in Minsk Qrupu və onun aidiyyəti qurumlarını qorumaq cəhdlərinə rəsmi Bakı tərəfindən etinazıs yanaşma olmayacağı açıqlanıb. İki məsələdə tərəflərin ortaq məxrəcə gəlməsi mümkündürmü?

- İndiki halda Ermənistan tərəfi Azərbaycanla imzalanacaq sənəddən sonra digər addımları atmaq niyyətini ifadə edir. İrəvan ATƏT-lə bağlı da eyni mövqeni sərgiləyir. Azərbaycan isə qarşı tərəfə güvənmədiyinə görə, bu məsələdə birmənalı mövqe sərgiləyir. Rəsmi Bakı ATƏT-in Minsk Qrupundan imtina ilə bağlı birgə müraciətin hazırlanıb göndərilməsini təklif edir. Çünki burada bəlli prosedurlar var. ATƏT-in Minsk Qrupu heç də üç ölkədən ibarət deyil. Onun bəlli toplantısı var. Rusiya, ABŞ və Fransaya isə ATƏT-in ümumi toplantısında moderatorluq verilmiş ölkələrdir.

- Minsk Qrupundan imtina məsələsindəki anlaşılmazlıq nə ilə bağlıdır?

- Bu daha çox qarşılıqlı anlaşılmazlıqla əlaqəlidir. Ardıcıllıq məsələsində tərəflər ortaq məxrəcə gələ bilmir. Azərbaycan tərəfi haqlı olaraq bildirir ki, Minsk Qrupundan imtina ilə bağlı birgə müraciət edildikdən sonra çərçivə razılaşması imzalansın. Ermənistan isə razılaşma imzalandıqdan sonra müraciət edilməsinin tərəfdarıdır. Məsələnin düyün nöqtəsi budur. Çünki burada bəlli prosedur qaydaları var. Bakı və İrəvan ATƏT-ə imtina ilə bağlı müraciət ünvanlandıqdan sonra o dərhal həll olunmur. İmtina ilə bağlı müraciət hazırlanıb ATƏT-in sammitində səsə qoyulmalıdır. Hər iki tərəfin imtina ilə bağlı razılığı olduğu halda Minsk Qrupunun qalmaq ehtimalı yoxdur.