BAKI, 8 fevral. TELEQRAF

Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin qəzaya uğrayan “Embraer-190” təyyarəsinin təhqiqatına dair artıq ilkin hesabatı dərc edib. Bütün faktlar göstərir ki, Azərbaycana məxsus sərnişin təyyarəsinə kənar müdaxilə edilib. Sübutlar, toplanmış faktlar bunu təsdiq edib. Yekun hesabatdan sonra da Azərbaycan Rusiyanın mövqeyini gözləyir.

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Ceyhun Məmmədov deyib.

“İlk gündən Rusiya tərəfi baş verən qəzanın həqiqi mahiyyətini təhrif etməyə çalışıb. Quş sürüsü ilə toqquşma, oksigen balonunun partlaması kimi absurd iddialar ortaya atılıb. Fakt isə odur, Azərbaycanın sərnişin təyyarəsi Rusiya ərazisində hava hücumundan müdafiə qurğusu olan “Pantsir-S” raketi ilə vulub. İzi itirmək üçün də təyyarə Xəzər dənizinə yönləndirilib. Qəhrəman pilotlarımızın peşəkarlığı nəticəsində təyyarənin dənizə düşməsinin qarşı alınıb. Buna baxmayaraq, təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb”, - deyə o qeyd edib.

Baş vermiş qəza nəticəsinə 38 nəfərin həlak olduğuna toxunan deputat söyləyib:

“Bu faciə ilə bağlı Azərbaycan tərəfindən ən yüksək səviyyədə reaksiya verilib. Prezident İlham Əliyev hadisə baş verən andan bütün məsələləri nəzarətdə saxlayır. Azərbaycanın birmənalı tələbi odur ki, Rusiya bu məsələdə məsuliyyətini qəbul etsin, rəsmi şəkildə üzr istəsin, cinayətkarları cəzalandırsın və kompensasiya ödəsin. Təəssüf ki, indiyə kimi Azərbaycanın şərtləri Rusiya tərəfindən yerinə yetirilməyib”.

Ceyhun Məmmədov hesab edir ki, Rusiya tərəfinin bu davranışı ikitərəfli münasibətlərə pis təsir göstərir:

“Azərbaycan hər zaman Rusiya ilə münasibətlərin qorunmasında, inkişafında maraqlı olub. 2022-ci ilin fevralın 22-də Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Bu gün çox çətin vəziyyətə düşən Rusiya Azərbaycan kimi müttəfiqini itirməməlidir. Ona görə də Rusiya Azərbaycanın mövqeyini nəzərə almalı və baş vermiş qəzanın məsuliyyətini üzərinə götürməlidir. Bu baş verməsə, Azərbaycan beynəlxalq məhkəmələrə müraciət edə bilər”.

Xatırladaq ki, ötən il dekabrın 25-də AZALA-a məxsus Bakı-Qroznı reysini həyata keçirən "Embraer-190" sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü ilə birlikdə 67 nəfər olub. Hadisə zamanı Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.