Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski arasında Londonda keçirilən görüşün Ermənistana aidiyyəti yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı politoloq Yevgeni Maqda Ermənistan mətbuatına açıqlamasında deyib.

Erməni jurnalist Azərbaycan liderinin rusiyalı həmkarı Vladimir Putinlə yaxın əlaqələrinə diqqət çəkərək bunun üzərindən ukraynalı politoloqa təxribatçı sual ünvanlayıb. Erməniyə gözlədiyi sözləri söyləməyən Maqda Azərbaycanın Rusiya ilə yanaşı, Ukrayna ilə də yaxşı əlaqələrinin olduğunu bildirib.

"Ermənistanla Azərbaycan arasında münasibətlərin xarakterini nəzərə alsaq, sualınızın məntiqini başa düşürəm. İki prezidentin söhbətində Ermənistan üçün dramatik heç nə görmürəm. Mən ürəkdən istərdim ki, iki ölkə Cənubi Qafqazda sülhün bərqərar olması yollarını müzakirə etsin", - ukraynalı ekspert jurnalistə cavabında vurğulayıb.

Yevgeni Maqda erməni jurnalistin növbəti təxribatçı sualına da gözlənilən cavabı verməyib:

"Sualınıza sualla cavab verəcəm. Paşinyan Putinlə dəfələrlə danışıbsa, indi Zelenski Ermənistan baş naziri ilə də danışmalı deyil? Ermənistanla Azərbaycan arasındakı qarşıdurma Zelenskinin həm Əliyev, həm də Paşinyanla danışmaması üçün səbəb deyil".

İstədiyini ala bilməyən erməni təxribatçısı dialoqu dayandırıb.