Prezident İlham Əliyevin dəvəti ilə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəmizə rəsmi səfəri mühüm tarixi əhəmiyyətə malikdir. Bu səfər ölkələrimiz arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə güclü təkan olacaq. Prezident İlham Əliyevin Qazaxıstanın ali ordeni olan “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi də iki ölkənin xalqları arasındakı dostluğun və qardaşlığın təzahürü hesab edilir. Bu eyni zamanda Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi istiqamətində fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Qarabağın yenidən qurulması prosesində Qazaxıstanın iştirakı ölkələr arasında dostluğun bariz örnəyidir: “Qazaxıstan tərəfindən Füzuli şəhərində tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürüdür. Bu eyni zamanda humanitar əməkdaşlığın daha bir elementidir. Bütün bunlarla paralel ölkələrimiz arasında beynəlxalq səviyyədə yüksələn xətlə inkişaf edən əməkdaşlıq xüsusi önəm kəsb edir. Hər iki ölkə xarici siyasətdə üzv olduqları beynəlxalq təşkilatlarda qarşılıqlı şəkildə fəal əməkdaşlıq etməklə yanaşı, daim bir-birlərini dəstəkləyir, şübhəsiz ki, bu, gələcəkdə də davam edəcək”.
Deputat Qazaxıstan prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında imzalanan 20-dən artıq sənədin əhəhmiyyətinə toxunub: “Bu sənədlər ikitərəfli əməkdaşlıqda yeni səhifənin açıldığını deməyə əsas verir. Şübhəsiz ki, bu, qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək göstərəcək. Bu sənədlərin imzalanması ilə iki ölkə arasındakı iqtisadi, ticarət, siyasi, mədəni, nəqliyyat, kommunikasiya, elm, təhsil, xarici siyasət və digər sahələrdə əlaqələr daha da inkişaf edəcəkdir. İmzalanan sənədlər arasında “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin xüsusi əhəmiyyət kəsb edir. Bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. İki ölkə təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqdir. Əlbəttə, bu, eyni soykökə malik ölkələrin üzərinə xüsusi məsuliyyət qoyur. Sevindirici haldır ki, ölkələrimiz bu məsuliyyətə hazırdır. Bəyannamə əməkdaşlığın bir çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyət üçün çox ciddi baza rolunu oynayacaq”.
Tamam Cəfərova birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafının da əksini tapdığını söyləyib: “Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvanla birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq. Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlığın inkişafı eyni zamanda eyni soykökə malik Türk dövlətləri arasında birliyin, dostluq, qardaşlıq münasibətlərinin və strateji tərəfdaşlığın inkişafı baxımından da olduqca mühüm hadisədir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmizin müttəfiqlərinin sayı günü-gündən artır. Həmçinin Prezident İlham Əliyev iqtisadi, siyasi, elmi, mədəni, və digər amilləri nəzərə almaqla türk birliyinin yeni əməkdaşlıq formatını qurmağa nail olmuş lider kimi də tarixə düşəcək”.