Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb. Görüşdə bir sıra məsələlər müzakirə edilib. ABŞ-ın son dönəmlər bölgədəki proseslərin gedişi ilə bağlı mövqeyini necə qiymətləndirirsiniz?

- ABŞ-ın burada nəyisə necə görməyi əsas deyil. Bölgədə olan vəziyyətdən asılı olan məqamlar var. Rusiya-Ukrayna müharibəsi konkret hansı siyasətin izlənəcəyinə imkan tanımır. Bu gün ABŞ-Rusiya qarşıdurması da əslində bu bölgə üzərində özünü hiss etdirməkdədir. Azərbaycan özünün ağıllı siyasətini həyata keçirməlidir. Çalışılmalıdır ki, bu cür əlaqələri gücləndirək. ABŞ-ın bölgədə sülhün bərqərar olmasına dəstəyini qazanmaq vacibdir. Amma burada Rusiyanı da gözardı etmək olmaz. Çünki Rusiya bölgədə təsir gücünə malik olan əsas ölkələrdən biridir. Türkiyə də mühüm aktor kimi bölgəyə daxil edilməlidir. Necə ki, rəsmi sənədlərdə qardaş Türkiyə bu bölgədəki proseslərə daxil edilib. Amma indi Türkiyə müşahidəçilikdən daha sonra mühüm aktor kimi bilavasitə Qarabağda bərabər stutusla Türkiyənin yerləşməsi təmin olunmalıdır. Bütün bunlar kompleks aparılmaldır. Ona görə də bir qütblü hansısa görüşdə ölkəmizin xeyrinə nəticə gözləmək sadəlövlük olar. Bir neçə qütbdə və mövqedə öz vəziyyətimizi yaxşılaşdıracaq addımlar atmalıyıq.

- Avropa İttifaqının xüsusi nümayəndəsi Toiva Klaar Qarabağda yaşayan ermənilərin “statusu” ilə bağlı açıqlaması necə analiz edilməlidir?

- Bu mənasız bir açıqlamadır. Kimsə, ermənilərə “status” istəyirsə, bunu öz ölkələrində etsinlər. Azərbaycan bu mövqe ilə kimin nə deməsindən asılı olmayaraq qətiyyən razılaşmayacaq. Bu istiqamətdə dövlətimizin öz kursunu davam etdirməsi lazımdır. Erməni hansısa əlahiddə üstünlüyə malik bir varlıq deyil ki, onlara “imtiyaz” verilsin. Ermənilər də bütün xalqlar kimi Azərbaycan vətəndaşlığını qəbul edib ölkəmizdə yaşaya bilər. Qəbul etməsələr terrorçu və separatçı kimi ölkə hüdudlarını tərk etməlidirlər. Ona görə də hər hansı bir şəkildə biz öz uğurumuzu kiməsə güzəştə gedə bilmərik. Xüsusilə də ABŞ-ın erməni separatçılara indiyə qədər verdiyi dəstəyi də unutmaq olmaz. Çünki burada tək Rusiyanın verdiyi dəstəkdən söhbət getmir. Həm də Qərb ölkələrinin separatçılara vermiş olduğu dəstək də gündəmə gələ bilər. Yeni reallıq yaranıb. Bu, Azərbaycan nə təklif edirsə, ona uyğun davranmalı olduğunu diqtə edir. Azərbaycan Konstitusiyası ilə təmin edilən bütün hüquqlar tanınacaq. Amma hansısa bir “status” məsələsi müzakirə mövzusu ola bilməz.

- Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Türkiyədən sonra Ermənistana getdi. Saxta soyqırımı abidəsini ziyarət etdi. Lavrovun bu səfəri nəyə hesablanıb?

- Türkiyə ilə Ermənistan münasibətlərinin müəyyən məlumatları var ki, S.Lavrov bunu çatdırmaq üçün ora getdi. Əslində S.Lavrovun səfər edəcəyi ölkələrin sayı da məhdudlaşıb. Çünki o sonuncu dəfə Serbiyaya səfər edə bildi. Rusiyanın təcrid olunması eyni zamanda xarici siyasətində müəyyən konturlarını məhdudlaşdırır. Ona görə də S.Lavrovun bölgə ölkələrinə səfərləri yəqin ki, bundan sonra tez-tez olacaq. Ermənistanla bağlı məsələ isə xüsusilə Türkiyə ilə danışıqlardan asılı olacaq. Görünür burada Türkiyə- Ermənistan əlaqələri istiqamətində hansısa bir təşəbbüslər var. Bu təşəbbüslər və yaxud ortada olan konkret məsələlər prosesin müəyyən dərəcədə irəliləməsi üçün əsas yarada bilər.

- Bəs, sülh prsoseinin gedişi ilə bağlı nələri deyə bilərsiz, son proseslərdən sonra hansısa irəliləyişlər varmı?

- Əslində Ermənistan buna daha çox maraqlı olmalıdır. Bundan sonra da Azərbaycan qətiyyətli bir şəkildə bir qarış torpağını da güzəştə getməyəcək. Erməni məsələsindən də bu cür istifadənin Azərbaycan üçün məqbul olmadığı hamının diqqətinə çatdırılıb. Ona görə də sülh müstəvisində yubanma bizim üçün problem deyil. Azərbaycan özünün əsas vəzifəsini icra edib. Müharibə Azərbaycanın qələbəsi ilə başa çatıb. Sülh yubandıqca Qarabağın özündə də ermənilərin qeyri-müəyyənliyi artır və proses onların ziyanına işləyir. Çünki onlar ümumiyyətlə perspektiv görmürlər. Ona görə də bu kimi məsələlər Azərbaycanı qətiyyən narahat etmir. Azərbaycan üçün sadəcə olaraq bölgədə yeni bir proseslərin başlaması üçün sülh lazımdır. Amma hələ ki, bu siyasəti izləməyə daxildə imkan var. Sülh müqaviləsi imzalandıqdan sonra burada bölgə dövlətlərinin də aktiv iştirakı mümkün olacaq. Bu baxımdan hansısa bir problem ola bilər. Amma sülhün gecikməsi və yaxud uzanması Azərbaycanın ziyanına deyil. Azərbaycan əksinə bu fürsətdən istifadə edib daha güclü şəkildə strateji mövqelərdə möhkəmlənəcək. Bu gün Kəlbəcərə, Şuşaya yeni yol çəkilir, hava limanları inşa edilir. Bu inteqrasiya prosesini Azərbaycan çox sürətlə aparır.