Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elşad müəllim, Avropa İttifaqının xüsusi nümayəndəsi Ermənistanda Qarabağda yaşayan ermənilərin “status” və digər hüquqlarının olmasını iddia edib. Brüssel formatında aktiv yer alan Azərbaycana qarşı təşkilatın bu cür yanaşması nədən qaynaqlanır?

- Əslində bu yanaşma indiyə kimi düşündüklərimizin növbəti təsdiqidir. Kənar dairələr post-münaqişə mərhələsində Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinin imitasiyası ilə məşğul olur. Brüsseldə baş tutmuş görüşlərdən sonra belə bir təsəvvür yarandı ki, çox böyük sürətlə sərhədlərin müəyyənləşməsi istiqamətində addımlar atılacaq. Azərbaycan onsuz da bu addımlara hər zaman hazırdır. Ölkəmiz Ermənistanla münasibətlərin normallaşması üçün ilk 5 bənddən ibarət təklifini də irəli sürüb. Ermənistan tərəfi isə bu təklifləri qəbul etdiyini bildirib. Digər tərəfdən isə Ermənistan 6 bənddən ibarət təklif verib. Mahiyyət etibarı ilə Ermənistanın irəli sürdüyü 6 bəndlik təklif yenə də münasibətlərin tənzimlənməsinin faktiki dayandırılması deməkdir.

- Ermənistanın iddialarında hansı məsələlər yer alıb?

- İlk növbədə Ermənistan tərəfindən irəli sürülən iddialarda qeyd edilir ki, Azərbaycana qarşı heç vaxt ərazi iddiasında olmayıb. Amma faktiki olaraq Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayıb. Azərbaycan tərəfi Ermənistanın bu təklifini qəbul edərsə, o zaman biz bu ölkənin işğalçılıq siyasəti həyata keçirmədiyini qəbul etmiş olacaq. Bu da qəbuledilməzdir. Eyni zamanda yenə də bu təkliflər içərisində Azərbaycan ərazisində yaşayan ermənilərin hansısa “status”undan danışılır. Nəhayət sonuncu “bənddə” isə Azərbaycan Ermənistan münasibətlərinin tənzimlənməsi prosesi yenə də ATƏT-in Minsk Qrupuna müraciət əsasında həyata keçirilməlidir kimi göstərilir. Bütün bunlar onu göstərir ki, Ermənistan pozuculuq fəaliyyətini ortaya qoyur. Mahiyyət etibarı ilə elə əksər hallarda Ermənistana Avropadan gələn təlimatlar ondan ibarətdir ki, bu ölkə indiki zamanda mümkün qədər vaxt qazansın.

- Brüssel formatı çərçivəsində Avropa İttifaqının davranışları səmimi görüntü yaratmışdı ...

- Xeyr, heç də Avropa İttifaqının post-münaqişə mərhələsindəki davranışlarının səmimi olduğunu hesab etmək olmaz. Onlar o zaman səmimi olardılar ki, Avropa İttifaqı heç olmasa bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasəti həyata keçirdiyini dilə gətirərdi. Amma bu günə kimi belə bir açıqlama verilməyib. 2020-ci ilin payızından sonrakı mərhələdə isə Avropanın davranışlarını çox yaxşı xatırlayırıq. Avropa İttifaqının aparıcı ölkəsi olan Fransanın Ermənistana münasibətini, Azərbaycan ərazisində separatçılarla münasibət qurmasını unutmamışıq. Yəni, faktiki olaraq Fransanın mövqeyi elə Avropa İttifaqının haradasa, mövqeyi kimi də qəbul edilə bilər. Çünki Fransa həm də Avropa İttifaqının siyasi mərkzəi kimi də qəbul olunur. Vaxtilə Avropa İttifaqı üç dayaq üzərində idi. Fransa, Almaniya və Böyük Britaniya burada əsas rol oynayırdı. Amma bu gün Böyük Britaniya Avropa İttifaqında yoxdur. İki dayaq olan Almaniya və Fransa prosesləri özləri yönləndirmək niyyətindədir. Əgər Fransanın Ermənistana təlimatları faktiki olaraq münaqişə vəziyyətinin hələ də davam etdiyi təəsüratını yaratmaq istiqamətində olan bir cəhddirsə, o zaman hələlik biz çox da böyük ümidlə Avropa İttifaqının fəallığına yanaşmalı deyilik.

- Post-münaqişə mərhələsində Avropa İttifaqının ortaya çıxması necə şərh oluna bilər? Amma 30 ilə yaxın Azərbaycan torpaqları işğal altında qalan dövrdə Avropa İttifaqı gözə dəymirdi ...

- Bəli, post-münaqişə mərhələsində Azərbaycanın artıq öz məqsədlərinə çatdığı mərhələdə Avropa İttifaqı sülhdən danışmağa başladı. Yəni sülh prosesinə real töhfə vermək istəyini nümayiş etdirməyə başladı. Amma bunu vaxtında etmək lazım idi. Sadəcə olaraq bu onu göstərir ki, Artıq Avropa İttifaqı fakt qarşısında qalaraq addımlar atmaqdadır. Qarşısı alınmaz gedən bir prosesdə Avropa ittifaqı da özünün payını umur. Eyni zamanda İttifaq burada özünün iştirakını təmin etməklə prosesləri heç də tam sürətləndirmir. Bir çox hallarda da bu prosesləri ləngidir. Bu mənada Azərbaycan ərazisində yaşayan ermənilərin “statusu” məsələsinin Avropa İttifaqının rəsmisi tərəfindən qabardılması prosesləri ləngitmək cəhdindən başqa bir adı yoxdur. Azərbaycan dövləti dəfələrlə qeyd edib ki, öz ərazisində yaşayan ermənilərin “status” məsələsi ümumiyyətlə müzakirə predmeti deyil. Ölkəmiz öz iradəsi və gücü ilə prosesləri məntiqi sonluğa çatıdıracaq.

- Avropa İttifaqının Ermənistanla bağlı açıqlamağa cəsarət edə bimədiyi hansı məsələlər var?

- Avropa İttifaqı proseslərin içində olaraq iki məqsədə nail olmaq istəyi var. İlk növbədə Azərbaycanın öz iradəsi ilə çatacağı uğurlu nəticələrdə Avropa İttifaqı özünün də bir payının olduğunu vurğulamaq imkanı güdür. İkinci məsələ isə proseslərin birbaşa içində yer almaqla Ermənistanın ağır, məğlub durumunu qismən də olsa yüngülləşdirmək cəhdidir. Bu istiqamətdə açıq və pərdəarxası cəhdləri görürük.