“Düşünürəm ki, Azərbaycan tərəfi orada yaşayacaq ermənilərə necə bir təminat verəcəyi ilə əlaqədar müəyyən açıqlamalar verməlidir. Paşinyan isə orada yaşayan ermənilərin hüquqlarını daxili yox, beynəlxalq zəmanətlə tənzimlənməsini istəyir. Bir var ki, burada yaşayan vətəndaşların hüquqları yerli qanun və konstitusiya, bir də var, beynəlxalq tənzimləmə ilə qorunur, indi Paşinyan da bunlara əlavə olaraq, onların hüquqları ilə bağlı beynəlxalq zəmanət də istəyir. Beynəlxalq praktikada bu var”.

Politoloq Fərhad Mehdiyevin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını dedi. Hətta onu da söylədi ki, beynəlxalq ictimaiyyət bununla bağlı Ermənistana təzyiq edir. Üstəgəl, Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanmasının İrəvanın gündəmində olduğunu dilə gətirdi. Sizcə, Paşinyanın bu açıqlamalarında hansı mesajlar var və onun səmimiyyətinə inanmalıyıqmı?

- Əslində, səmimiyyətinə inanmaq lazımdır. Çünki Paşinyan artıq başa düşür ki, Qarabağla bağlı iddia həm yersizdir, həm də mümkün deyil. Bu, beynəlxalq hüquqa da ziddir. Əvvəllər bu məsələ ilə bağlı müəyyən konyunktura daxilində onların xeyrinə bəzi məqamlar vardı, amma 44 günlük müharibədən sonra bunlar aradan qalxdı, elə bir şey qalmadı. Paşinyan indi Ukraynanın taleyini görür və yaxşı başa düşür ki, Ermənistanı dirçəltməyin yolu bu deyil. O, indi Ermənistanı dirçəltməyin yolunu Azərbaycanla yaxşı qonşuluq münasibətlərinin qurulmasında görür.

İndi Ermənistan üçün əsas məsələ Qarabağın dağlıq hissəsində yaşayan mülki ermənilərin hüquqlarının təminatı ilə bağlıdır. Paşinyan hökuməti onlar üçün xüsusi tənzimləmə istəyir. Bunu Ermənistanın xarici işlər naziri və digər rəsmi şəxsləri bir neçə dəfə dilə gətiriblər. BMT-nin 1966-cı il tarixli “Mülki və Siyasi Hüquqlar haqqında” paktına istinad edirlər ki, ən azı bu hüquqların tanınmasını istəyirlər.

Düşünürəm ki, Azərbaycan tərəfi orada yaşayacaq ermənilərə necə bir təminat verəcəyi ilə əlaqədar müəyyən açıqlamalar verməlidir. Paşinyan isə orada yaşayan ermənilərin hüquqlarının daxili yox, beynəlxalq zəmanətlə tənzimlənməsini istəyir. Bir var ki, burada yaşayan vətəndaşların hüquqları yerli qanun və konstitusiya, bir də var, beynəlxalq tənzimləmə ilə qorunur, indi Paşinyan da bunlara əlavə olaraq, onların hüquqları ilə bağlı beynəlxalq zəmanət də istəyir. Beynəlxalq praktikada bu var.

Məsələn, İtaliyanın şimalında Trento adlı bölgə var. Trentoda yaşayan milli azlıqlar üçün müəyyən beynəlxalq tənzimləmə də mövcuddur. Düzdür, Trento ilə bağlı İtaliya konstitusiyası əsasında tənzimləmə də var, amma beynəlxalq tənzimləmə də mövcuddur. Hazırda Paşinyanın fikirləşdiyi budur.

Azərbaycan tərəfi hələlik bununla bağlı açıqlama verməyib. Amma zənnimcə, sülh prosesinin irəli aparılması üçün onlara nə verəcəklərimizlə bağlı açıqlamalar vermək lazımdır. Bunu etmədiyimiz müddətcə, biz sülh haqqında danışacağıq, amma konkret addımlar atılmayacaq. Düşünmürəm ki, Qarabağdakı ermənilərin hüquqları ilə bağlı tənzimləmə aparmadan yekun sülh müqaviləsinin imzalanması mümkün olsun. Belə düşünürsən ki, əvvəlcə sərhədlərin demarkasiya və delimitasiyası həyata keçirilsin və sülh müqaviləsi bağlansın, bundan sonra ona gedilsin. Əslində belə də mümkün ola bilər. Amma sülh müqaviləsində bir bənd ola bilər ki, Qarabağda yaşayan ermənilərlə bağlı xüsusi bir anlaşma olsun. Bəlkə də sülh müqaviləsi bu şəkildə bağlanıla bilər.

Hazırda mərhələli həll təklifləri irəli sürülür. Buna uyğun olaraq, sərhədlər müəyyənləşdirilir, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyır, Qarabağda yaşayan ermənilərin hüquqları ilə bağlı isə, gələcəkdə hansısa tənzimləmə aparılır. Hesab edirəm ki, sülh müqaviləsi bu şəkildə də bağlana bilər.

- Bəs Azərbaycanın Qarabağ erməniləri ilə bağlı maksimum güzəşti nə ola bilər?

- Mən bu məsələnin həllini belə görürəm: Qarabağa hansısa statusun verilməsi gündəmə gəlməsin deyə, ölkəmizdə bələdiyyə institutu gücləndirilməlidir. Beləliklə ermənilər də yerli özünüidarəetmə çərçivəsində öz mədəni hüquqlarını həyata keçirmək imkanları əldə edə bilər. Amma dediyim kimi, bunun üçün ya bələdiyyələr gücləndirilməlidir, ya da həmin ərazi ilə bağlı xüsusi tənzimləmə aparılmalıdır.

Əslində bizdə milli azlıqların öz dillərində təhsil almaq və s. kimi hüquqları var. Amma fakt budur ki, bizdə bələdiyyənin statusu çox zəifdir. Yəni bələdiyyələr yerli idarəetməni həyata keçirə, əhaliyə xidmət göstərə bilmirlər. Bunun müxtəlif səbəbləri var. Burada səlahiyyət və resurs azlığı, müəyyən səlahiyyətlərin icra hakimiyyətlərinə verilməsi məsələləri var. Düşünürəm ki, beynəlxalq praktikada da belədir: əhaliyə xidmət sahəsi icra hakimiyyətlərindən alınaraq, bələdiyyələrə verilməlidir.

- Maraqlı bir məlumat da yayılıb ki, Rusiya sülhməramlıları Ermənistan deputatlarını Qarabağa buraxmayıb – Azərbaycan sərhədindən geri qaytarıb. Sülhməramlılar bura qədər hətta Fransa prezidentliyinə namizəd olan şəxsləri belə Qarabağa buraxmışdı. Bəs indi nə dəyişdi ki, sülhməramlılar Qarabağa keçidə maneə yaradırlar?

- Bununla bağlı Azərbaycan tərəfinin haqlı tələbləri var. Bunlar yeni deyil, əvvəldən mövcuddur. Ola bilsin ki, indiyədək bu tələblərə həssas yanaşmırdılar, amma bu gün dəyişən konyunktura çərçivəsində həssaslıqla yanaşırlar. Yaddan çıxarmayaq ki, Ukraynadakı müharibəyə görə, Rusiyanın özünün də başı ağrıyır. Azərbaycan da ən azı Rusiyaya qarşı sanksiyalara qoşulmur. Belə olan halda da, indiki məqamda Rusiyanın üçüncü tərəf kimi Azərbaycanın haqlı tələblərini qulaqardına vurması, düzgün olmazdı. Halbuki bizim bu tələblərimiz çoxdan var.

- Amma növbəti cəbhənin Qarabağda açılacağına dair ehtimal da müzakirə mövzusudur. Hətta ara-sıra Rusiyanın müəyyən siyasətçiləri Azərbaycanı hədələyən açıqlamalar da verirlər. Bəs bunları necə başa düşək?

- Rusiya cəmiyyətini demirəm, orada müəyyən təbəqə var ki, beş-on il əvvəl də onların mövqeyi beləydi. Azərbaycan əraziləri işğalda olduğu dövrdə onlar Azərbaycanın tərəfində deyildilər, Ermənistanı dəstəkləyirdilər, onun silahlandırılmasını haqlı görürdülər. O vaxt şəxsən Kazimirovla söhbət etmişdim, adam açıq şəkildə ermənilərin tərəfini tuturdu. Yəni onların cəmiyyətində belə təbəqə vardı, indi də var. Hətta Rusiya mediasında “Varşava da bizimdir”, “İstanbul da bizimdir” deyən adamlar mövcuddur. Bəs bu dövlətin və ya hakimiyyətin iradəsinə təsir göstərərmi? Məncə, göstərməyəcək. Həmin adamlar Rusiya hökumətinin əvəzinə qərar verənlər deyil. Düzdür, onlar ictimai rəyə və qərarlara müəyyən təsir göstərirlər, amma qərarverici deyillər.

Hesab edirəm ki, indi Rusiya ikinci cəbhənin açılmasını istəmir. Bunu mümkünsüz sayıram. Şübhəsiz ki, Qafqazın ən güclü ölkəsi Azərbaycandır. Üstəgəl, Azərbaycan tək deyil, dəstəyi də var. Eyni zamanda, indiki konyunkturada Rusiyanın Azərbaycanla əlaqələrini bu şəkildə pozacağını düşünmürəm.

- Bəs Azərbaycan və Ermənistan arasında gedən Brüssel danışıqlardan gözləntiniz necədir?

- Danışıqların tarixinə baxsaq, görərik ki, hər şey yavaş-yavaş gedir. Hətta Azərbaycanın sarsıdıcı qələbəsindən sonra belə, diplomatik sahədəki danışıqlar çox ləng gedir, buna görə də Brüssel danışıqlarından böyük gözləntim yoxdur. Amma ən azı bu prosesin getməsinə təkan verən amil var. Mən Rusiya-Ukrayna müharibəsinin bu prosesə təsirini görürəm. Yəni müharibə indiki məcrada davam etsə, hazırda tərəflərdən birinin qələbəsi haqda danışmaq mümkün deyil, bu prosesin Brüssel danışıqlarına daha effektli təsir göstərə biləcəyini düşünürəm. Eləcə də, Rusiya Ukraynada müəyyən hədəflərinə nail olsa, bu təsir yenə də belə davam edəcək.

Təbii ki, biz ermənilərlə sülh müqaviləsi bağlamalıyıq, bu baş versə, çox yaxşı olardı. Bu müqavilənin də Rusiyanın yox, Avropa Birliyinin vasitəçiliyi ilə imzalana biləcəyini düşünürəm.