Bu gün azad edilmiş torpaqlarımızda böyük quruculuq-abadlıq işləri görülür. Ermənilərin 30 ilə yaxın müddətdə dağıdıb-talan etdiyi ərazilərimizə həyat qayıdır. Dövlətimizin iqtisadi, siyasi gücü hesabına Qarabağ bu gün dünyaya yeni bir tərzdə təqdim edilir. Çünki bu ərazilərin, torpağın sahibi Azərbaycan xalqı və dövlətidir. Bu baxımdan da Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda yaratmış olduğu yeni mənzərə bütün dünyanın diqqət mərkəzindədir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat hesab edir ki, Vətən müharibəsi və post-konflikt dövründə Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, sərkərdəlik fəaliyyəti, diplomatik məharəti bir daha özünü göstərdi: “Vətən qarşısındakı tarixi xidmətləri Ali Baş Komandana olan xalq məhəbbətini daha da gücləndirdi. Bir daha sübüt olundu ki, Azərbaycan xalqı öz taleyini vaxtında məhz Prezident İlham Əliyevə etibar etməklə böyük müdriklik və uzaqgörənlilik nümayiş etdirib”.
Millət vəkilinə görə, Prezident İlham Əliyevin hər bir qərarı, atdığı hər bir addım Azərbaycanın milli maraqlarının həyata keçirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılmasına hesablanıb: “Ölkə Prezidentinin əsas məqsədi güclü dövlət və müasir cəmiyyət konsepsiyasını ardıcıl şəkildə reallaşdırmaqdır. Ən başlıcası isə Azərbaycan əhalisinin rifah halının daha da yüksəldilməsini təmin etməkdir. Bu məqsədlə dövlət başçısı tərəfindən ardıcıl, prinsipial addımlar atılır”.
Cavid Osmanova görə, Vətən müharibəsində tarixi qələbədən sonra region yeni reallığa qədəm qoyub: “Bu reallığın müəllifi olan Prezident İlham Əliyevdir. Post-konflikt dövründə əsas məqsəd işğaldan azad olunmuş əraziləri ən müasir standartlara uyğun bərpa edilməsidir. Eyni zamanda Azərbaycanın regionda yeni strateji maraqlarının gerçəkləşdirilməsi üçün də mühüm işlər görülür. Məhz qısa zamanda Füzulidə beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi də tarixi bir hadisə idi. Eyni zamanda işğaldan azad olunmuş əraziləri bir-birinə bağlayan müasir yol-nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın əsas hissəsini Naxçıvanla, qardaş Türkiyə ilə bağlayacaq Zəngəzur dəhlizinin əsasının qoyulub. Bütün bu addımlar isə bölgənin beynəlxalq logistika mərkəzinə çevrilməsi potensialının yaradılmasına hesablanıb”.