İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi nəinki ölkə tarixinin, bütövlükdə dünyanın hərbi əfsanəsinə çevrildi. 4 oktyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra işğaldan azad olundu. Nəhayət ki, Cəbrayıl uzun müddət düşmən tapdağında qaldıqdan sonra işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi. Həmin gün bütün Azərbaycan xalqı, o cümlədən cəbrayıllılar böyük sevinc içində idilər.
Bunu Teleqraf.com-a Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmmədov deyib.
O qeyd edib ki, bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üçrəngli bayrağımızı dalğalandıraraq qələbəmizə olan sevgilərini böyük coşğu ilə nümayiş etdirdilər: “Bu günü görmək, bu sonsuz sevinc hisslərini yaşamaq ən böyük arzumuz idi. 1993-cü ildən ötən dövr ərzində böyük əziyyətlər hesabına əldə edilən nailiyyətlər, qazanılan uğurlar zərrə-zərrə bizi möhtəşəm qələbəyə yaxınlaşdırdı”.
"Bu böyük sevinci cəbrayıllılara, bütün xalqımıza bəxş edən cənab İlham Əliyevə, xalqımızın bütün igid, qəhrəman əsgər və zabitlərinə ürəkdən təşəkkür edirik. İnanırıq ki, tezliklə həyat öz axarına düşəcək, Cəbrayıl camaatı öz ata-baba yurdlarına qayıdaraq yenidən xoşbəxt, firavan həyat sürəcək”.