ŞUŞA, 29 may. TELEQRAF
Şuşa rayonunun Böyük Qaladərəsi kəndində birinci mərhələ üzrə 17 fərdi ev bərpa edilərək istifadəyə hazır vəziyyətə gətirilib.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəliyinin əməkdaşı İsmayıl İsmayılov bildirib.
Onun sözlərinə görə, kənddə yaşayış üçün zəruri olan bütün kommunal-infrastruktur işləri tamamlanıb, elektrik, qaz və su xətləri çəkilərək sayğaclaşdırılma aparılıb. Eyni zamanda kənddaxili yollar abadlaşdırılıb, sakinlər üçün park və Bayraq meydanı salınıb.
Qeyd olunub ki, ümumilikdə 50 fərdi evin mövcud olduğu kənddə ilkin mərhələdə 17 evin bərpası başa çatıb, növbəti mərhələdə isə daha 20 evin yenidən qurulması nəzərdə tutulur. Artıq ilk mərhələdə kəndə 14 ailə (64 nəfər) köçürülərək məskunlaşdırılıb.
Xatırladaq ki, 1992-ci ildə işğal edilən Böyük Qaladərəsi kəndi 2023-cü ildə keçirilən uğurlu antiterror tədbirləri nəticəsində azad olunub.
