BAKI, 8 avqust. TELEQRAF
Avqustun 7-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff ilə görüşü olub.
Teleqraf xəbər verir ki, əvvəlcə dövlət başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.
Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.
Sonra dövlət başçısı İlham Əliyev ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffun görüşü olub.
Görüşdə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərimizin gündəliyinin və regional məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib.
Söhbət zamanı Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının strateji müstəvidə əməkdaşlığının inkişaf perspektivləri, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi və regiondakı sülh gündəliyinə dair fikir mübadiləsi aparılıb.