BAKI, 29 aprel. TELEQRAF
Aprelin 29-da doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb.
Teleqraf xəbər verir ki, bu mərhələdə köçürülən 169 nəfərdən ibarət 39 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
***
06:50
BAKI, 29 aprel. TELEQRAF
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola düşüb.
Teleqraf xəbər verir ki, Sarıcalı kəndinə daha 39 ailə (169 nəfər) Qaradağ rayonunun Lökbatan qəsəbəsindən yola salınıb.
Bu gün Bakı şəhərindən – 15 ailə (66 nəfər), Ağcabədi rayonundan – 5 ailə (25 nəfər), Ağdam rayonundan – 5 ailə (21 nəfər),
Bərdə rayonundan – 4 ailə (16 nəfər), Abşeron rayonundan – 3 ailə (7 nəfər), Mingəçevir şəhərindən – 2 ailə (11 nəfər), Şəki rayonundan – 2 ailə (6 nəfər), Gəncə şəhərindən – 1 ailə (7 nəfər), Şəki rayonundan – 1 ailə (6 nəfər) və Sumqayıt şəhərindən – 1 ailəyə (4 nəfər) evlərin açarları təqdim olunacaq.
Daha əvvəl Sarıcalı kəndinə köç karvanı bu il aprelin 2-də və 10-da yola salınıb.