“6 min şəhidi olan “ruhlar şəhəri””, “Viran qoyulmuş şəhər”, “Qafqazın Xerosima”sı – Ağdam. Ağdam 27 il ərzində öz adı ilə deyil, daha çox yuxarıda qeyd olunan adlarla xatırlanıb.
Qafqazın ən gözəl şəhərlərindən olan Ağdamın qara günləri 90-cı illərin əvvəllərində - Ermənistanın Azərbaycana elan olunmamış müharibəsindən sonra başlamışdı. Şəhər 29 il əvvəl bu günlərdə işğal olunmaq üzrə idi.
Şəhər uğrunda 5 il fasilələrlə şiddətli döyüşlər aparılmışdı və həmin döyüşlər zamanı 5897 şəhid, 3531 nəfər əlil oldu, 1871 nəfər uşaq isə yetim qaldı. 126 min ağdamlı isə doğma ev-eşiyindən didərgin düşüb. Ermənistanın işğalı nəticəsində Ağdama 13 milyard dollardan çox ziyan dəyib. Şəhər tamamilə xarabalığa çevrilib, tarixi və dini abidələr, evlər, dövlət müəssisələri dağıdılıb.
Ağdam niyə və necə işğal olunub?
Aydın məsələdir ki, şəhərin işğalında və viran qoyulmasında başlıca günahkar Ermənistanın o vaxtki rəhbərliyi və onun xarici havadarlarıdır. Amma həmin dövrdə Azərbaycanın daxilində də vəziyyət sabit deyildi və Ağdamın, ümumilikdə Qarabağın işğal olunmasında xəyanətkar qüvvələrin yaratdığı qeyri-sabitliyin, xaosun mühüm rolu oldu. Tarixi faktlar sübut edir ki, Qarabağın işğalında 1992-ci ildə çevrilişlə hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyünün əli var. Onlar milli maraqlarımıza zidd qərarlar verməklə, xəyanətkar siyasət yürütməklə Ağdamı viran qoyan ermənilərlə eyni mövqeyi paylaşdılar. Əminliklə deyə bilərik ki, Ağdamın işğalı AXC-Müsavat cütlüyünün “əl işidir”, minlərlə köçkünün 29 ilə yaxın müddətdə ağır vəziyyətdə yaşaması AXC-Müsavat cütülüyünün ağır mirasıdır.
Hakimiyyətə gəldiyi gündən başı Azərbaycanın sərvətlərini, dövlət müəssisələrinin özəlləşdirilməsinə, iqtisadi gəlir gətirən hər şeyi mənimsəməyə qarışan AXC-Müsavat cütlüyünün dövlət idarəçiliyi yadından çıxmışdı, ölkədə xaos hökm sürürdü və vahid idarəetmə yox idi. Həmçinin ölkə siyasəti, dövlət idarəçiliyi sayəsində heç bir təcrübəsi olmayan şəxslər hakimiyyətinin əsas orqanlarına rəhbər təyin olunurdu. Bundan başqa, hakimiyyətdə vahid fikirdən söhbət gedə bilməzdi. Öz siyasi maraqları naminə xalqın gələcəyi ilə bağlı düzgün qərarlar vermirdilər, bir rəhbərin tapşırığını digəri ləğv edirdi. Heç bir idarəçilik, təşkilatçılıq qabiliyyəti, siyasi səriştəs olmayanların, qeyri-peşəkar adamların müxtəlif rəhbər vəzifələrə təyin olunması Azərbaycanı həm siyasi, həm hərbi, həm də iqtisadi cəhətdən son dərəcə çətin vəziyyətə salmışdı.
Təbii ki, idarəçilikdəki boşluqlar ölkədə qiyamların, dövlət çevrilişinə cəhdlərin sayını artırır, separatçılıq meyillərini alovlandırırdı. Hakimiyyət daxilindəki parçalanmalar, fikir ayrılıqları Qarabağda həyata keçirilən hərbi əməliyyatların gedişinə ciddi təsir göstərirdi. Ölkədə xaos hökm sürürdü, vətəndaş qarşıdurması pik həddə çatmışdı, ancaq AXC-Müsavat cütlüyü öz mənafeyini, öz maraqlarını düşünürdü. Ordunu idarə edən komandanlardan biri Ermənistan ordusuna qarşı hər hansı genişmiqyaslı əməliyyatın keçirilməsi ilə bağlı tapşırıq verdiyi halda, digər komandan öz maraqları naminə uğurla irəliləyən hərbi qüvvələrin geri çəkilməsini əmr edirdi. Düzdür, hücum edilən rayonlar, xüsusilə Ağdam yeri əhali tərəfindən ciddi müdafiə olunurdu. Əhali özünümüdafiə dəstələri yaradıb və şəhərin işğalına imkan vermirdilər. Amma hakimiyyət hərisləri əhalinin özünümüdafiə hissini öldürmək, Ağdamın erməni işğalı altına düşməsi üçün hər şeyi etdilər. Məsələn, həmin dövrdə prezident olan Əbülfəz Elçibəy hakimiyyətdən getdikdən sonra Ağdam istiqamətində döyüşən hərbi qüvvələr geri çəkildi. Bu xəyanətkar addım Ağdamın işğalını sürətləndirdi. Aydındır ki, hərbi qüvvələrin Ağdamdan geri çəkilməsi məqsədli şəkildə idi. AXC-Müsavat cütlüyü Laçını, Şuşanı və Kəlbəcəri satdıqları kimi Ağdamı da satdı. Satqınların komandasında təmsil olunan bütün özünü siyasətçi adalandıranlar, verdikləri vədlərə, xalq qarşısında dedikləri pafoslu sözlərə yalançı çıxdılar. Nəticədə Azərbaycanda xaos yarandı, ölkənin 20 faizi işğal atına düşdü. Amma Azərbaycan xalqı gələcəyə ümidini itirmədi və xilaskar lider Heydər Əliyevin hakimiyyətə gəlməsini təmin etdi.
Hər kəsə məlumdur ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra AXC-Müsavat cütlüyündən fərqli olaraq ordu quruculuğuna xüsusi diqqət göstərdi, Azərbaycan ordusunun Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələri kimi tanınması üçün mühüm addımlar atdı. Prezident İlham Əliyev də ölkə başçısı seçildikdən sonra dayanıqlı siyasi sistem qurdu, Azərbaycan ordusunun gücləndirilməsinə xüsusi diqqət göstərdi, hərbi xərclər ilbəil artırıldı. Ordumuzun arsenalına Rusiya, Türkiyə, İsrail və Avropa ölkələrində istehsal olunan müasir silahlar daxil edildi. Aparılan sistemli ordu quruculuğu nəticəsində Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusuna çevrildi. Silahlı Qüvvələrimiz həm də dünyanın 50 ən güclü ordusu sırasındadır. Ordu sayəsində görülən quruculuq işlərinin əsas hədəflərindən biri Qarabağın azadlığına nail olmaq idi!
Xəyanətlə itirilən torpaqlarımız 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan “Dəmir Yumruq” əməliyyatı ilə 44 günə azad olundu. Təbii ki, ölkə başçısı İlham Əliyevin Qarabağın işğaldan azad olunmasının kökündə diplomatik iradəsi, sistemli ordu quruculuğu, çətin siyasi qərarlar dayanır. İlham Əliyev 44 günlük müharibəyə qədər də, müharibə zamanı da dünyanı mat qoyacaq qərarlarla Qarabağın azadlığına nail oldu. Azərbaycan prezidenti Qarabağı dünyada baş verən tarixi və mürəkkəb geosiyası proseslər fonunda Azərbaycana qaytarmağı bacardı.
90-cı illərin əvvəllərində AXC-Müsavat cütlüyünün şəriştəsiz siyasəti nəticəsində Ağdam şəhərində böyük qırğınlar yaşanmışdı, rayon minlərlə şəhid vermişdi. Amma ölkə başçısı elə bir siyasi manevr etdi ki, Ağdam şəhəri bir güllə belə atılmadan 2020-ci ilin 20 noyabrında azad olundu.
Ümumilikdə, xalqımız dünənlə bu gün arasında müqayisə aparmağı bacarmalıdır.
Xalqımız xəyanətkarların hakimiyyətə gəlmək üçün etdiklərini, hakimiyyətə gəldikdən sonra isə Azərbaycanı saldığı durumu, daha sonra çətin vəziyyətə düşən kimi ölkəni necə başsız qoyub qaçdığını yaddan çıxarmamalıyıq.
Həmçinin bu gün torpaqlarımızın işğaldan azad olunması ilə qürur duysaq da, 90-cı illərin əvvəllərində ölkəmizin 20 faizinin hansı xəyanətlər nəticəsində işğal olunmasını, mənəviyyatımızın, ruhumuzun qırılmasını unutmamalıyıq.
Yaddan çıxarmamalıyıq ki, Qarabağın işğalı tarixə qovuşsa da, 30 ilə yaxın dövrdə Azərbaycanın 1 milyona yaxın vətəndaşının evindən didərgin düşməsinə səbəbkar olan xəyanətkar qüvvə AXC-Müsavat cütlüyüdür.
Bu günlərdə Qarabağa böyük köç başlayıb. Artıq 201 nəfər zəngilanlı rayonun Ağalı kəndində məskunlaşıb. Amma biz 90-cı illərin əvvəllərində xəyanət nəticəsində Ağdamdan, Şuşadan, Kəlbəcərdən, Laçından və digər işğal olunan bölgələrdən məcbur çıxarıldığımızı, satqınlıq nəticəsində vətəndaşlarımızın köçkün düşdüyünü unutmamalıyıq.
Bu gün 100 min nəfərin yaşayacağı böyük Ağdam şəhəri tikilir. Amma biz nə erməni vəhşiliyini, nə də AXC-Müsavat cütlüyünün xəyanətini yaddan çıxarmamalıyıq. Hər bir azərbaycanlının tarixi yaddaşı bütöv olmalıdır, satqınları mühakimə etməyi bacarmalıdır və öz qəhrəmanlarını yüksək qiymətləndirməlidir.