Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 70 manat dövlət rüsumu alınacaq.
Teleqraf xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında layihəsində öz əksini tapıb.
Xatırladaq ki, "Balıqçılıq haqqında" qanun layihəsində balıqçılıq su obyektlərində akvakultura fəaliyyətinin "akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi" əsasında həyata keçirilməsi və qeydiyyat şəhadətnaməsinə görə dövlət rüsumu tutulması nəzərdə tutulub. Qanunun bu tələbindən irəli gələrək "Dövlət rüsumu haqqında" qanun yenilənir. Qeydiyyat şəhadətnaməsi verilən zamanı yaradılan təsərrüfatın tələblərə uyğunluğunun qiymətləndirilməsi, ekspertiza və inzibati icraat tədbirləri həyata keçirilir. Bu baxımdan dövlət rüsumunun müəyyən edilməsi həmin inzibati xərclərin qismən kompensasiyasını təmin etməklə yanaşı, hüquqi sistemdə bərabərlik və vahid yanaşma prinsipini də təmin edir və fəaliyyətin leqallaşdırılmasını stimullaşdırır.
Bundan başqa, "Lisenziyalar və icazələr haqqında" qanunda da dəyişiklik edilməsi təkif olunur. Müvafiq qanun layihəsinə əsasən, "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"na akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi əlavə edilir. Bu dəyişiklik su bioresurslarının idarə olunması sahəsində dövlət nəzarətinin sistemli şəkildə gücləndirilməsinə xidmət edir və eyni obyekt üzərində həyata keçirilən fəaliyyət növləri - təbii resursların istismarı və süni yetişdirilməsi - arasında fərqli hüquqi rejimi aradan qaldıraraq vahid və ardıcıl tənzimləmə modeli formalaşdırır.
Mövcud vəziyyətdə balıqçılıq sahəsində təbii bioresurslardan istifadə icazə mexanizmi ilə tənzimləndiyi halda, akvakultura fəaliyyəti yalnız qeydiyyat proseduru ilə məhdudlaşırdı. Halbuki akvakultura yalnız təsərrüfat fəaliyyəti deyil, su ehtiyatlarından istifadə, ekosistemə müdaxilə və bioloji balansın dəyişdirilməsi ilə müşayiət olunan kompleks fəaliyyətdir. Təklif edilən dəyişiklik dövlət nəzarətini sonrakı mərhələdən ilkin (preventiv) mərhələyə keçirir və potensial risklərin əvvəlcədən müəyyən olunmasına imkan yaradır. Beynəlxalq təcrübə, xüsusilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) müəyyən etdiyi prinsiplər bu yanaşmanı dəstəkləyir.